Həkim-infeksionist: COVID-19-un yeni ştamının ölüm faizi çox aşağıdır
Bakı, 13 sentyabr, AZƏRTAC
Son zamanlar dünyada COVID-19-a yoluxma və xəstələnmə halları artıb. Payız fəslinin yaxınlaşması ilə əlaqədar havaların soyuması yoluxma dinamikasında artımla nəticələnir. Bu, gözlənilən haldır. Ümumiyyətlə hər il mövsümi infeksiyaların sentyabr-noyabr aylarında baş qaldırdığı dönəmdir. Bununla yanaşı, artıma təsir edən digər amil COVID-19-un yeni ştamının - EQ.5 mutasiyasının sürətlə yayılmasından qaynaqlanır. Həmin növün özünün xarakterik xüsusiyyəti daha sürətli yoluxma qabiliyyətinə malik olmasıdır. Lakin müsbət tərəfi odur ki, yeni ştamın ölüm faizi çox aşağıdır. Yoluxma faizi çox olsa belə, xəstəliyin ağır gedişat ehtimalının və ölüm nisbətinin aşağı olması xəstəxana ehtiyaclarının artmasının və səhiyyənin yüklənməsinin qarşısını alır.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev deyib.
Həkim-infeksionist bildirib ki, COVID-19-a yoluxma hallarında artım dünyanın bir parçası olan Azərbaycandan da yan keçməyib. Əgər 7-13 avqust həftəsində yoluxma sayları 8, 14-20 avqust həftəsində 27 idisə, ötən həftə həmin göstərici 126-ya bərabər olub: “Doğrudur ölkəmizdə yeni ştamın mövcudluğu qeydə alınmasa da, virusların sərhəd tanımadığını və qısa müddətdə yayılma qabiliyyətini unutmamalıyıq. Bu zaman payız fəslinin yaxınlaşdığını da unutmamalıyıq. Əgər respublika ərazisində yoluxma halları kəskin artarsa və ağırlaşma halları olarsa, səhiyyə sistemimiz buna hazır vəziyyətdədir. Lakin ən yaxşı üsul yoluxmadan qorunmaqdır. Payız fəsli ilə əlaqədar olaraq immun sistemimizi mütləq şəkildə güclü saxlamalıyıq. Hansısa klinik şikayətlər - burun axması, subfebril temperatur, halsızlıq, öskürək varsa, bir neçə gün izolyasiya olunmaq, digər şəxslərlə təmas hallarında isə maska taxmaq və ara məsafəsini qorumaq lazımdır”.