Helsinkidə “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” mövzusunda seminar keçirilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Xalqımızın ən böyük faciələrindən biri, eyni zamanda, şərəf günü olan 20 Yanvar qətliamının ildönümü ilə bağlı Helsinki Şəhər Caisa Mədəniyyət Mərkəzində “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” mövzusunda seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Finlandiya Azərbaycan Assosiasiyasının (FAA) təşkilatçılığı ilə keçirilən seminarda Azərbaycan diasporunun Helsinkidə yaşayan nümayəndələri, habelə ölkəmizin müasir tarixi ilə maraqlanan finlandiyalı ictimai xadimlər iştirak etmişlər.
Seminarda çıxış edən Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqqında məlumat vermişdir. Keçmiş SSRİ-nin süqutu ərəfəsində respublikamıza rəhbərlik edən şəxslərin xalqımızın azadlıq arzularına qarşı çıxdıqlarını diqqətə çatdıran A.Oqtay demişdir ki, ümummilli lider Heydər Əliyev faciənin baş verdiyi gündən dərhal sonra - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu hərbi cinayətə kəskin etirazını bildirmiş, günahkarların cəzalandırılmasını tələb etmişdir.
Cəmiyyətin sədri bildirmişdir ki, yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlanmış, hadisə öz hüquqi-siyasi qiymətini almışdır.
Seminarda digər çIxış edənlər də Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin həmişə uca tutulacağını və bu faciənin günahkarlarının cəzalandırılacağına əmin olduqlarını vurğulamışlar.
Sonra 20 Yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş etdirilmişdir.