Hesablama Palatasının auditoru Varşavada Azərbaycanda bulud texnologiyalarının auditi ilə bağlı təcrübəni bölüşüb
Bakı, 16 oktyabr, AZƏRTAC
Varşava şəhərində EUROSAI ITWG-nın (Ali Audit Qurumlarının Avropa Təşkilatının İT Auditi üzrə İşçi Qrupu) 16-cı illik toplantısı keçirilib. Polşa Ali Audit Ofisinin ev sahibliyi ilə baş tutan toplantıda Azərbaycan Respublikası Hesablama Palatasını auditor Hilal Hüseynov təmsil edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, iclas çərçivəsində “Bulud texnologiyaları mühitində rəqəmsal suverenlik” mövzusunda seminar keçirilib.
Seminarda Estoniya Hökumət buludu idarəsinin, Almaniyanın Daxili işlər üzrə Federal nazirliyinin, Avstriya AAQ-nın, Polşa AAQ-nın, Ukrayna AAQ-nın, ABŞ Dövlət Hesabatlılıq Ofisinin və Azərbaycan Respublikası Hesablama Palatasının təmsilçilərinin çıxışları olub. Hesablama Palatasının auditoru Hilal Hüseynovun təqdimatında Azərbaycanda bulud texnologiyalarının tətbiqi sahəsində nailiyyətlər, həmçinin bulud texnologiyalarının auditi ilə bağlı toplanılmış təcrübə barədə məlumat verilib.
Daha sonra Polşa AAQ-nın təmsilçisi qrupun daxili resursları ilə hazırlanmış və İT auditində dəstək rolunu oynayan CUBE və AITAM alətləri, Estoniya AAQ-nın eksperti qrupun təşəbbüsü ilə yaradılmış “Qeyri İT auditorları üçün İT auditi” adlı onlayn təlim proqramı ilə bağlı fəaliyyətlər, həmçinin Hindistan AAQ-nın təmsilçisi INTOSAI WGITA-nın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının İT Auditi üzrə İşçi Qrupu), BƏƏ AAQ-nın təmsilçisi INTOSAI WGISTA-nın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Elm və texnologiyaların audit fəaliyyətinə təsiri üzrə İşçi Qrupu) fəaliyyətləri barədə məruzə ediblər.
Qeyd edək ki, bununla yanaşı, işçi qrupun fəaliyyətinin müzakirəsinə həsr edilmiş işgüzar görüşlər təşkil olunub.