HƏŞTƏRXAN EKOVELOSİPEDÇİLƏRİ AZƏRBAYCANA DƏVƏT OLUNMUŞLAR
Bakı, 4 avqust (AZƏRTAC). Həştərxanda velosipedlə 400 kilometr məsafəni 8 günə qət etməyə hazır olan cəsur varsa, Azərbaycan hökumətinin təşkil etdiyi ekoloji velosiped yürüşündə iştirak edə bilər.
AZƏRTAC xəbər verir ki, Həştərxan vilayəti hökumətinin sədri Tatyana Yusupovanın başçılığı ilə Bakıda səfərdə olan nümayəndə heyətinin Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin ilə görüşündə bildirilmişdir ki, bu velosipedçinin peşəkar idmançı olması heç də vacib deyildir.
Səfir Həştərxan nümayəndə heyətini səmimi qəbul etmiş, həyata keçirilən layihələri dəstəkləyəcəyini vəd etmiş, özü belə layihələrdən birini təklif etmişdir. Doroxin həştərxanlılara ekoloji velosiped yarışmasında Rusiyanı təmsil etməyi təklif etmişdir.
Tədbir avqustun 28-dən sentyabrın 6-dək davam edəcəkdir. Tədbir iştirakçıları Bakıdan Gəncəyədək olan məsafəni qət edəcəklər. Yürüşə 35 əcnəbi velosipedçinin qatılacağı gözlənilir. İştirakçılar ekologiya, enerji təhlükəsizliyi, alternativ enerji mənbələri, sağlam həyat tərzi ilə bağlı biliklərə malik olmalıdırlar. Velohəftədə ekoloqlar, velosipedçilər, energetika və yaşıl texnologiyalar sahəsində ekspertlər və digər mütəxəssislər iştirak edə bilərlər.
Yürüş zamanı Azərbaycanın görməli yerlərinə gəzintilər təşkil olunacaqdır.
Xüsusi qeyd etmək lazımdır ki, tədbir Azərbaycanda elan olunmuş “Ekologiya ili” çərçivəsində keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olunmuşdur. Bu, ölkə rəhbərliyinin ekologiya, ətraf mühitin və əhalinin sağlamlığının mühafizəsi məsələlərinə diqqət və qayğısının daha bir nümunəsidir.