Heydər Əliyev - Dünyanın enerji xəritəsini dəyişən Lider
Bakı, 8 may, AZƏRTAC
AZƏRTAC Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov və Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, Baş mütəxəssis, Azərbaycan Kooperasiya Universitetinin doktorantı Səxavət Mirzəyevin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yazdıqları birgə məqaləni təqdim edir.
“Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri.
Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya iradəli, dünya görüşlü və xalqın dəstəyinə malik şəxs rəhbərlik edə bilərdi. XX əsrin 90-cı illərinin sonunda Azərbaycanda belə rola iddia edə bilən və bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider Heydər Əliyev idi. Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsinin tədqiqi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik edəcək bütün liderlər üçün örnək rolunu oynamağa layiqdir.
Heydər Əliyevin ideya və fikirləri, həyata keçirdiyi siyasət Azərbaycan şəraitində sosialist ictimai-iqtisadi sistemindən yeni cəmiyyətə keçidin elmi-nəzəri əsaslarını yaradıbdır. İmperiya və sosialist sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, qloballaşan dünyada öz yerini axtaran, maraqlarını qorumağa çalışan gənc Azərbaycan üçün Heydər Əliyevin dövlətçilik təlimi əsl fəaliyyət strategiyası idi. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində Heydər Əliyev strategiyasının çox böyük rolu olub.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünyanın ən nüfuzlu dövlət xadimlərindən, ən böyük siyasi şəxsiyyətlərindən biri olub, müstəqil dövlətçiliyimizin qurucusu və memarıdır. Çoxəsrlik tarixi ənənələr əsasında müasir Azərbaycan dövlətinin ideoloji-siyasi inkişaf doktrinasının yaradılması və gerçəkləşdirilməsi Ümummilli Liderin adı ilə sıx bağlıdır. Azərbaycan tarixinin Heydər Əliyev epoxası milli intibah və tərəqqi dövrü kimi xarakterizə olunur. Ulu Öndər respublikaya rəhbərlik etdiyi illərdə daim ictimai həyatın müxtəlif sahələrində inkişafın zəruri dönüş nöqtələrini vaxtında və yüksək dəqiqliklə müəyyən etmiş, xalqın yaradıcı gücünü həmin vacib hədəflərə istiqamətləndirmişdir.
Tarixi proseslərdən və beynəlxalq təcrübədən məlumdur ki, əgər dövlətin, xalqın strateji, perspektiv mənafeyi baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyən edə bilən şəxsiyyət yoxdursa, bu mənafeyi beynəlxalq forumlarda, yüksək tribunalardan müdafiə edə bilən, dövlətin strateji xəttini xalqa sadə şəkildə bəyan edən və dövlətçiliyi ümumxalq işinə çevirməyi, xalqı öz arxasınca aparmağı bacaran şəxsiyyət yoxdursa və nəhayət dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil etməyi əməli sürətdə həyata keçirən praktik siyasətçi-diplomat, sərkərdə və komandan yoxdursa, daxildə əmin-amanlığı, ölkənin iqtisadi inkişafını təmin etməyi üzərinə götürə bilən qurucu, yaradıcı təsərrüfat rəhbəri yoxdursa, həmin ölkənin nikbin gələcəyindən danışmaq çətindir. Xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, yüksək intellektuallıq, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, hadisələrə pozitiv təsir, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər həm də liderin xalqının inkişafında oynadığı rolu müəyyən edən əsas cəhətlər kimi çıxış edir. Amma dahi liderin yenidən hakimiyyətə qayıdışı, xalqının səsinə səs verməsi Azərbaycan dövlətinin və xalqının xoşbəxt gələcəyinin başlanğıcı idi.
Qloballaşma və “Əsrin müqaviləsi”
Qloballaşma və transformasiya proseslərinin sürətləndiyi müasir dövrdə beynəlxalq aləmə yaxından inteqrasiya olunmaq, dünyada cərəyan edən sosial-iqtisadi proseslərdə fəal iştirak etmək, milli iqtisadiyyatın, millətçilik və dövlətçilik prinsiplərini rəhbər tutmaqla, beynəlmiləlləşməsinə nail olmaq kimi məsələlər ayrı-ayrı milli təsərrüfatların davamlı və dinamik inkişafının zəruri şərtinə çevrilib. Təbii ki, belə bir şəraitdə bir çox ölkələr, xüsusilə keçmiş SSRİ-yə aid olan yeni müstəqil dövlətlər dünya iqtisadiyyatına daha çox, xammal ixracçısı kimi daxil olurlar. Tədricən isə bu inteqrasiyadan bəhrələnərək ölkənin başlıca məqsədlərinə nail olur, iqtisadiyyatın proporsional inkişafını təmin edir, xalqın sosial-iqtisadi problemlərinin həllini təmin edirlər. Bu baxımdan da, müstəqillik yaşı o qədər də çox olmayan, Azərbaycan Respublikasının da, mövcud neft yataqlarından və ehtiyatlarından birgə istifadə ilə bağlı xarici şir-kət¬lərlə yaxından əməkdaşlıq etməsi, o dövrün zəruri tələbatına çevrilmişdi.
Ölkəmizin dinamik inkişafını təmin edən, xalqın, eləcə də ayrı-ayrı əhali qruplarının maddi-sosial rifahının yaxşılaşmasında əvəzsiz rolu olan, bir sözlə, müstəqil Azərbaycan Respublikasının davamlı sosial-iqtisadi inkişafının qarantı olan “Əsrin müqaviləsi”nin reallaşma prosesi də, müqavilənin özü qədər maraqlı və əhəmiyyətli idi, eləcə də həyati əhəmiyyət kəsb edirdi.
Xalqın iradəsi və çağırışı ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərcilikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün də təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin olunması mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə bir dövrdə Azərbaycanın zəngin neft ehtiyatlarının mövcudluğunu nəzərə alan Ümummilli Lider Heydər Əliyev ilk vaxtlardan başlayaraq danışıqlar prosesinə ARDNŞ-nin vitse-prezidenti, deputat İlham Əliyevi də cəlb etdi. Beləliklə də, İlham Əliyev yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün də dəfələrlə vurğuladığı bir ideya dururdu: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsə¬dimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir".
Bütün bu işlərin əsas məqsədi SSRİ-nin süqutundan sonra iflic vəziyyətə düşmüş Azərbaycan iqtisadiyyatını dirçəltmək, dünya iqtisadiyyatına daha geniş inteqrasiya etməklə beynəlxalq aləmdə ölkənin nüfuzunu artırmaq və doğma Azərbaycan dövlətini dünyəvi bir dövlətə çevirməkdən ibarət idi. Təbii ki, burada ölkənin sosial-iqtisadi inkişafı, xarici əlaqələrin genişləndirilməsi, istehsal sferasının fəaliyyətinin bərpası və genişləndirilməsi, insanların maddi rifah halının yaxşılaşdırılması, ölkədə həyat səviyyəsinin yüksəldilməsi və s. qarşıda duran mühüm vəzifələrdən idi. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək, "Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycanın iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır".
Hamımıza məlumdur ki, 1994-cü il sentyabrın 20-də Bakı şəhərində Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. Bununla da "Yeni neft strategiyası" uğurla həyata keçirilməyə başlandı. Bağlanmış müqavilələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 1994-cü il dekabrın 12-də qüvvəyə mindi. Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan və sonradan "Əsrin müqaviləsi" adlandırılan bu iri layihə üzrə ilkin neft 1997-ci il noyabrın 12-də hasil edilməyə başladı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası üçün çox vacib idi.
Eyni zamanda, "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 26 sazişin də imzalanmasına şərait yaratdı. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları vəsait qoyuluşunun 57.6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda kəşfiyyat-axtarış işlərinin aparılmasına yönəldildi. Ümumilikdə isə "Əsrin müqaviləsi"nin həyata keçirilməsi ilə Azərbaycan iqtisadiyyatında dönüş yarandı, böyük işlərə və iri layihələrə start verildi. Görülən operativ tədbirlər nəticəsində, artıq 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarına çıxarıldı və 2005-ci il yanvarın 1-də belə tankerlərin sayı 39-a, daşınılan neftin miqdarı isə 5.16 milyon tona çatmışdı. Yuxarıda qeyd edildiyi kimi, başlıca məqsədi milli iqtisadiyyatın dirçəldilməsi olan neft strategiyasının reallaşmasından əldə edilən valyuta isə Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılmış Dövlət Neft Fondunda toplanaraq ölkənin taleyüklü məsələlərinin həllinə və sosial problemlərin aradan qaldırılmasına yönəldilirdi.
Azərbaycan nefti dünya bazarında: Üç dənizin əfsanəsi reallıqdır
Araşdırmalardan aydın olur ki, "Əsrin müqaviləsi" üzrə hasil edilən Azərbaycan neftinin dünya bazarlarına ixracı üçün ilkin dövrlərdə buraxıcılıq qabiliyyətləri ildə 5 milyon ton olan Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən istifadə edilib. Lakin yaxın illərdə müqaviləyə daxil olan yataqlar üzrə illik hasilatın 50 milyon tona çatacağını nəzərə alan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə imkanına malik ixrac marşrutları araşdırıldı və optimal variant kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri seçildi. Məhz buna görə də layihənin həyata keçirilməsində fenomen siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətlərini nəzərə alan layihə iştirakçıları 2004-cü ildə BTC əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etdilər.
Artıq Bakı-Tbilisi-Ceyhan kəməri tam gücü ilə istifadədir. Təbii ki, gələcəkdə daha böyük və geniş imkanlı terminalların yaradılması istiqamətində də işlər davam etdirilir. Onu da qeyd edək ki, hələ 2005-ci ilin mayında Bakıda BTC-yə ilk neft vurulub və bu neft 2006-cı ilin I rübündə Ceyhan limanına çatıb.
Bütün bunlarla yanaşı, hər zaman olduğu kimi, balanslaşdırılmış siyasət yürüdən Azərbaycan Respublikasında BTC ilə paralel olaraq, digər istiqamətlərdə də işlər davam etdirilib. Belə ki, bu dövrdə Şimal istiqamətində uzunluğu 231 kilometr olan neft kəməri bərpa və inşa edilmiş, eləcə də ilk dəfə 1997-ci il oktyabrın 25-də Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olundu. Paralel olaraq Qərb istiqamətində uzunluğu 837 kilometr olan Bakı-Supsa boru kəməri inşa edilərək, 1999-cu il aprelin 17-də istismara verildi.
Hazırda Ulu Öndər Heydər Əliyevin adını daşıyan BTC Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan verməklə yanaşı, həm də "İpək yolu"nun və türkdilli ölkələrin əsas magistral kəməri statusunu qazanıbdır. Ümummilli Liderin siyasi iradəsinin təmtərağı olan Bakı-Tbilisi-Ceyhan kəməri neft kəmərləri sisteminə dünya "arteriya"sı kimi daxil olmuşdur. Onu da qeyd edək ki, min bir əziyyətlə başa gələn bu əsas ixrac neft kəmərinin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da danılmazdır. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin yaranmasına, dünya xalqları ilə əlaqələrinin yenidən qurulmasına təkan verərək, Azərbaycan dövlətinin xarici siyasətinin güclənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına, eləcə də onun siyasi və iqtisadi baxımdan inkişaf etməsinə səbəb olmuşdur. Eyni zamanda, BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən bütün dövlətlər üçün müstəsna əhəmiyyət kəsb edən bir layihədir.
Burada, “Əsrin müqaviləsi”nin 10-cu ildönümündə Prezident İlham Əliyevin səsləndirdiyi bir fikri yada salmaq yerinə düşərdi: "Əsrin müqaviləsi" imzalanarkən bəziləri bunun uğuruna inanmırdı və hesab edirdilər ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və geosiyasi məsələlər öz həllini tapmalı idi. Heydər Əliyevin neft strategiyası və Heydər Əliyev diplomatiyası bunların həllini təmin etdi".
“Əsrin müqaviləsi”nin real nəticələri
Bəli, Azərbaycan iqtisadiyyatı Ümummilli Lider Heydər Əliyevin yaratdığı təməl üzərində hərtərəfli və dinamik inkişaf edir. Bu gün ölkədə mühüm qlobal proqramlar, irimiqyaslı layihələr, müxtəlif sahələri əhatə edən çoxsaylı Dövlət Proqramları həyata keçirilməkdədir ki, bütün bunlar da ən ümdə məqsədə - Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, nüfuzunun artmasına, beynəlxalq aləmdə ədalətli mövqeyinin təmin olunmasına və ən başlıcası ölkədə həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası neft-qaz ölkəsi kimi bölgədə liderliyini inamla davam etdirir. Ölkə iqtisadiyyatındakı dinamik proseslər daha da güclənir, güclü sənaye potensialı yaranır, sosial problemlərin həlli istiqamətində görülən tədbirlər öz bəhrəsini verir, dövlətimizin BTC və digər iri layihələrdəki iştirakdan əldə etdiyi uğurları, artıq hər bir vətəndaş hiss etməkdədir.
Beləliklə, “Əsrin müqaviləsi" müstəqil Azərbaycan Respublikasının mövcudluğu barədə dünyaya verdiyi ilk praktik, əməli işə dayanan bəyanatı idi. Biz bu müqaviləni imzalamaqla Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə sahib olduğunu dünyaya bir daha nümayiş etdirdik" - deyən Ümummilli Liderin bu sözləri 1994-cü ilin 20 sentyabrından sonra dəfələrlə təsdiqini tapdı. Təbii ki, həmin vaxtdan bu günədək, "Əsrin müqaviləsi"ndən ötən illər Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin əsas taleyüklü hissəsidir. Eyni zamanda, hər bir azərbaycanlıya məlumdur ki, bu illər heç də rəvan olmamışdır. Azərbaycanın müstəqillik yolunda saysız-hesabsız maneələr olub, dövlətçiliyimizə zərbə vurmağı qarşısına məqsəd qoyan mənfur düşmənlərlə mübarizə, müstəqilliyimizi hədəfə alan təxribatlar, qiyam və çevriliş cəhdləri həyata keçirilib. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti və xalqı özünün dahi oğlu, yenilməz Heydər Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində bu əngəlləri bir-bir aşaraq sabitlik, inkişaf və rifah yoluna çıxdı. Eyni zamanda, Heydər Əliyevin neft strategiyası da zamanın bütün sınaqlarından uğurla çıxaraq, bu inkişaf və rifahın baş təminatçısına çevrildi. Yekunda, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının "Əsrin müqaviləsi"ndən başlanan inkişaf yolunda qarşıda duran vəzifələri və başlıca məqsədi yığcam ifadə edən bir fikri ilə tamamlamaq daha məqsədəuyğun olardı: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".
Dünyanın enerji xəritəsini dəyişən Lider
“Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətə bağlamaq olmaz”, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” və nəhayət “Tarix həmişə hər şeyi öz yerinə qoyur”. Bu fikirlər Ümummilli Lider Heydər Əliyev tərəfindən ayrı-ayrı vaxtlarda deyilib. Lakin tarixin vərəqlənməsi fonunda şahid oluruq ki, həm də biri digərini tamamlayan fikirlərdir. Sanki 29 il ərzində ölkəmizə əhəmiyyətli uğurlar qazandıran enerji strategiyasının reallaşması üçün hesablanıbmış. Bu gün fəxrlə deyə bilərik ki, əsrin geoiqtisadi vəziyyətini dəyişən müqavilə Azərbaycanın simasında həm də dünyanın enerji xəritəsini dəyişib...
Heydər Əliyevin yaratdığı milli neft strategiyası Azərbaycanı regionda və dünyada lider dövlətlərdən birinə çevirdi. Hər şey 1994-cü ildə başladı və hər şey Heydər Əliyev şəxsiyyəti ilə bərqərar oldu.
Məhz onun əsasını qoyduğu strategiyaya əsaslanan Prezident İlham Əliyev isə dünyanın enerji xəritəsini daha da zənginləşdirən “Yeni əsrin müqaviləsi”nə imza ataraq, Azərbaycanın adını dünya tarixinə yazdırdı.
İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində, ölkəmizin tranzit potensialının gücləndirilməsi istiqamətində qlobal əhəmiyyətli layihələrin icrası ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığı inkişaf etdiribdir. Avropanın enerji arxitekturasının qurulmasında və enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bütün iqtisadi-siyasi maneələrə və böhranlara baxmayaraq, indi də bir sıra layihələri uğurla davam etdirir. Məsələn, Azərbaycanın təşəbbüsü və liderliyi ilə icra olunan, Azərbaycan qazını Avropa bazarlarına çatdırmaqla Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də öz töhfəsini verəcək “Cənub Qaz Dəhlizi” layihəsi bu sıradandır. Layihə çərçivəsində “Şahdəniz-2” qaz-kondensat yatağının işlənməsi üzrə işlərin 87 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 72 faizi, Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası üzrə işlərin 60 faizi, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə işlərin 30 faizi icra edilibdir.
Azərbaycan həm də öz əlverişli coğrafi mövqeyindən istifadə edərək tranzit ölkəyə çevrilməkdədir. Aydındır ki, çoxşaxəli nəqliyyat-yol kompleksi olmadan hansısa dövlətin davamlı inkişafını təsəvvür etmək qeyri-mümkündür. Şərqlə Qərb arasında strateji körpü rolunu oynayan Azərbaycan əlverişli tranzit əhəmiyyətli dövlət kimi bölgədəki lider statusunu artıq təmin edibdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin fəaliyyəti ilə qədim İpək Yolunun bərpası istiqamətində həyata keçirilmiş kompleks tədbirlər əlverişli coğrafi mövqedə yerləşən ölkəmizin geostrateji əhəmiyyətini daha da artırıbdır. Nəqliyyat (o cümlədən dəmir yolu) infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi, həmçinin bu sahədə çalışan işçilərin mükafatlandırılması, onların sosial rifah hallarının yaxşılaşdırılması istiqamətində dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən intensiv şəkildə həyata keçirilir. Məhz bu siyasət nəticəsində ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycanın polad magistralı özünün sürətli inkişaf mərhələsinə qədəm qoyubdur. Beləliklə, Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkanı kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Avropa ölkələrindən mal və xidmətlərin böyüyən Asiya bazarlarına və yaxud əksinə daşınması üçün təbii keçid imkanını təmin edir. Tarixi İpək Yolunun bərpası istiqamətində həyata keçirilən bir sıra layihələr bu gün Çinin “Bir kəmər - bir yol” layihəsi ilə səsləşir. Çin bu tarixi yolun Şərq tərəfdə başlanğıcıdırsa, Azərbaycan da mühüm tranzit məkanıdır. Özü də burada yalnız Qərb-Şərq istiqaməti nəzərdə tutulmur, Azərbaycan Şimal-Cənub istiqamətinə də diqqəti yönəldibdir. Bu gün Azərbaycana çatan istənilən yükü hər iki istiqamətdə daşımaq mümkündür. Bununla da həm Qərb dövlətlərinin, həm də Uzaq Şərq ölkələrinin dünyanın müxtəlif regionları ilə ucuz, rentabelli əlaqələr yaratmaq imkanı meydana gəlir.
2022-ci ilin yayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji memorandumuna əsasən ölkəmizin Avropaya qaz ixracının 2027-ci ilədək ikiqat artırılaraq 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu isə Cənub Qaz Dəhlizinin hər iki komponentinin - TANAP və TAP kəmərlərinin genişləndirilməsini tələb edir.
Digər tərəfdən, Bakıda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində yaşıl enerjinin ötürülməsinə dair dördtərəfli Saziş də imzalanıb. Hər üç istiqamət Azərbaycanın Avropanın enerji təminatındakı rolunun artırılmasını təmin edəcək məsələləri özündə birləşdirir.
Azərbaycan - etibarlı tərəfdaş və dünyanın yaşıl enerji təminatçısı kimi
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Daha sonra 2027-ci ilədək təkcə Avropaya ötürüləcək qaz həcminin 20 milyard kubmetrə çatdırılması planlaşdırılır.
Demək olar ki, Azərbaycanın öz gücünə icra olunan Cənub Qaz Dəhlizi bu gün Avropanın əsas təminatçılarından birinə çevrilmək yolunda inamla irəliləyir. Bu, 10 il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliklə verdiyi qərarların nəticəsidir. Çünki Azərbaycan strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrilib. Bu təşəbbüsə ilk olaraq Türkiyə və Gürcüstan, sonrakı dövrdə İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya qoşulub. Hazırda yeni və potensial tərəfdaşlar arasında Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da yer alıb.
Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Yalnız “Ümid” yatağının potensialı 200 milyard kubmetrdən çoxdur ki, bu da qarşıdakı 100 ildə də Azərbaycanın karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku və “Şəfəq- Asiman” qaz yatağının işlənilməsi üzərində işlər davam etdirilir. Beləliklə, Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə və etibarlı tərəfdaşa çevirir.
Prezident İlham Əliyev bu barədə bildirib: “Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş”.
Azərbaycan Prezidenti daha bir nəhəng layihənin icrasına başlanması barədə qərar qəbul edib. Bu, Azərbaycanın həm də yaşıl enerji təchizatçısına çevrilməsi layihəsidir. 2022-ci ildə bu layihənin reallaşması istiqamətində ilk və mühüm addımlar atılıb. İyul ayında Avropa İttifaqı ilə imzalanan memorandumda Azərbaycandan elektrik enerjisi və maye hidrogenin ixracı barədə bəndlər də yer alıb.
Hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7937 MVt, iri su elektrik stansiyaları daxil olmaqla, bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1278 MVt-dır ki, bu da ümumi gücün 17 faizini təşkil edir. Eyni zamanda, ümumilikdə, Xəzər dənizinin Azərbaycan sektorunun külək enerjisinin potensialı yüksək qiymətləndirilir. Belə ki, ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilib. Bu potensialın 35 QVt hissəsinin dəniz sahilinə yaxın dayazsulu ərazilərdə, 122 QVt hissəsinin isə 50 metrdən artıq dərinlikli hövzələrdə əldə olunması proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycanda külək enerjisinin istehsalı ilə bağlı təkliflər 20 ildən çoxdur səsləndirilir. 2000-ci illərin əvvəllərində Abşeron yarımadasının külək enerjisi potensialına dair bir neçə araşdırma aparılıb. Son 3 ildə bu potensialın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılmaqla, onun 157 qiqavatta bərabər olduğu aydınlaşdırılıb. Azərbaycanın Xəzərdə külək stansiyaları quraraq alınan enerjini ixrac etmək planı potensial investorlar tərəfindən real qiymətləndirilməklə, ciddi marağa səbəb olub. Bununla da, Azərbaycan ortamüddətli perspektivdə alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və yaşıl enerjinin - hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir. Əsas ixrac coğrafiyası olaraq Gürcüstan, Türkiyə və Avropa nəzərdə tutulur.
Avropa İttifaqı ilə imzalanan memorandumda nəzərdə tutulan müddəaların icrası istiqamətində ilk real addım 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə qoyulub. Sazişlə bağlı Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaqdır”.
Azərbaycanda bərpaolunan enerji layihələri və yaşıl hidrogenin potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.
Avropa Komissiyası Qara dənizin dibi ilə kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb. Komissiyanın Prezidenti Ursula Fon der Lyayen hesab edir ki, Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regiona təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək: “Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir”.
Beləliklə aparılan təhlil və araşdırmalardan aydın olur ki, 29 il əvvəl Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” - Azərbaycan dövlətinin qlobala məkana iqtisadi inteqrasiyasının və Azərbaycan neftinin dünya bazarına ixracının əsasını qoydu. “Əsrin müqaviləsi” ilə bünövrəsini qoyulan strategiyanın uğurla davam etdirilməsi sayəsində isə müasir Azərbaycan yaşıl enerji ixracatçısına çevrilməkdədir. Bu isə o deməkdir ki, Azərbaycan dünyanın enerji xəritəsində yeri olan ölkə deyil, bu xəritəni dəyişən, əsas konturlarını çəkən ölkədir. Xam neftin dünya bazarına ixracı ilə başlayan, təbii qazın dünya bazarına çıxarılması ilə daha da möhkəmlənən strategiya Azərbaycanı dünyaya yaşıl enerji təminatçısı kimi etibarlı tərəfdaş olduğunu isbatlamaqdadır. Bütün bunlar banisi Ümummilli Lider Heydər Əliyev olan bir əsrlik uğurların kiçik bir hissəsidir. Əldə edilən uğurlar genişmiqyaslı və çoxçeşidlidir. Heydər Əliyev strategiyasının ən böyük uğuru - məntiqi davamı isə Vətən müharibəsində əldə edilən Zəfərdir.