Heydər Əliyev Mərkəzi- ilk süni intellekt memarlıq abidələrindəndir
Paris, 22 aprel, AZƏRTAC
Fransanın nüfuzlu mətbuat orqanı “Le Figaro” qəzetində “Arxitektura və süni intellekt: İlkin planlar” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə ABŞ-ın Harvard Universitetinin gənc arxitektoru və tədqiqatçısı Stanislav Şayu süni intellektin arxitektura sahəsində tətbiqinə dair mühazirəsindən danışılır.
Məqalədə Heydər Əliyev Mərkəzinin bu gün süni intellekt vasitəsi ilə yaradılmış ən fövqəl memarlıq abidəsi olduğu bildirilərək yazılıb: “Bakı Heydər Əliyev Mərkəzi, kompüter vasitəsilə yaradılmış orqanik formada memarlıq sənəti, Zaha Hadid arxitekturada nəhəng addımlar atıb”.
Bildirilib ki, süni intellektin arxitekturada istifadəsi son illərdə başlayıb. Dünyada süni intellektdən istifadə edərək fövqəl memarlıq abidələri yaradanlar arasında Zaha Hadidin ilk yeri tutduğu diqqətə çatdırılıb. Z. Hadid kompüterdən istifadə edərək memarlıq abidələri yaratmasından bəhs olunur və onun əsərləri arasında Heydər Əliyev Mərkəzinin arxitekturası xüsusi vurğulanıb.
Bununla bağlı gənc tədqiqatçının “Pavillon de l’Arsenal”da hazırladığı sərginin epidemiyaya görə təxirə salındığı bildirilib. Ancaq maraqlananlar “Pavillon de l’Arsenal” da virtual olaraq izləyə bilərlər.
S.Şayu qeyd edib ki, kompüter tikintinin konsepsiyasının yaradılması mərhələsində daha vacib planlar təqdim edə bilər.
“Süni intellekt insana yardım edə bilər, ancaq onu əvəz edə bilməz. Hər hansı bir nöqtəyə toxunan kimi həll tapılmır. Hər hansı bir modelin yekun formasını əldə etmək üçün daha çox işləmək və müvafiq proqram hazırlamaq lazımdır. Süni intellektin məqsədi həmişə daha çox həll yolları göstərməkdir”,-deyə S. Şayu vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris