Heydər Əliyev Mərkəzi Antalya sərgisində Azərbaycanın inkişafını nümayiş etdirir
Antalya, 24 aprel, AZƏRTAC
Heydər Əliyev Mərkəzi Antalya sərgisində Azərbaycanın inkişafını nümayiş etdirmək baxımından daha bir möhtəşəm uğur qazanıb.
Bu fikri kənd təsərrüfatı naziri Heydər Əsədov AZƏRTAC-a müsahibəsində deyib. Antalyadakı sərgidə Azərbaycan milli pavilyonunun qurulmasını yüksək dəyərləndirən nazir bildirib ki, bu mötəbər sərgidə iştirak etmək bir sıra cəhətləri ilə xüsusi əhəmiyyətə malikdir. Əvvəla, Azərbaycan altı ay davam edəcək sərgidə 53 ölkə və bir çox nüfuzlu beynəlxalq təşkilatlarla bir sırada dayanır. Digər tərəfdən, ölkəmiz məhz qardaş Türkiyədə keçirilən sərgidə özünün çoxşaxəli yaradıcılıq, quruculuq imkanları ilə yanaşı, Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəsini də nümayiş etdirir.
“Azərbaycanın milli pavilyonunda ölkəmizin zəngin faunası, unikal biomüxtəlifliyi və bağçılıq mədəniyyətinə dair nümunələr, bu sahədə əldə edilən yeniliklər sərgilənir”, - deyən nazir əminliklə qeyd edib ki, Azərbaycan bölməsi həm ziyarətçilər, həm də iştirakçı tərəflər üçün cəlbedici olacaq. Bu sərgi Azərbaycanın biomüxtəlifliyinin tanıdılması, o cümlədən ayrı-ayrı ölkələrin faunasının öyrənilməsi baxımından da çox əhəmiyyətlidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya