HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ YÜRÜŞÜN İŞTİRAKÇILARI CƏNUB BÖLGƏSİNDƏ OLMUŞLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş yürüşün iştirakçıları - Gəncə şəhərindən olan 17 nəfər Qarabağ müharibəsi və Çernobıl əlilləri, şəhid ailələri və müharibə veteranları mayın 1-də cənub bölgəsində olmuşlar.
Astarada yürüş iştirakçılarını rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev və ictimaiyyətin nümayəndələri qarşılamışlar.
Qonaqlar ümummilli liderimiz Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmiş, burada yadigar şəkil çəkdirmişlər.
İndiyədək 35 rayona yürüş etmiş gəncəlilər Xınalıq kəndindəki Heydər Əliyev zirvəsinə bayraq sancdıqdan sonra mayın 10-da Bakı şəhərinə gələcək və Fəxri xiyabanda ümummilli liderimizin məzarını ziyarət edəcəklər.