Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulub
Bakı, 11 may, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətində (DMX) mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xidmətin rəhbərliyi və şəxsi heyətin bir qrupu Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin hörmət və ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.
Sonra DMX aparatında yerləşən Heydər Əliyev muzeyi və Ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsini simvolizə edən “Zəfər Guşəsi” ziyarət edilib.
Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz tarixi xidmətlərindən bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulub, ölkəmizin beynəlxalq nüfuzu sürətlə artmağa başlayıb, xalqımız milli ruh, azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşib.
Müstəqilliyini bərpa etmiş ölkəmizdə dövlət quruculuğu sahəsində əldə edilmiş uğurlardan danışan Xidmət rəisi Ulu Öndərin miras qoyduğu müstəqil Azərbaycan dövlətinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
DMX rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrün dövlətçilik tariximizin ən şanlı səhifələrindən olduğunu deyib. Respublikamızın keçmiş SSRİ-nin tərkibində olduğu dövrü xatırladaraq, 1970-1980-ci illərdə Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə tərəqqisini vurğulayıb. Bildirib ki, Dahi Öndər hakimiyyətdə olduğu illərdə xalqımızın mənafeyini hər şeydən yüksək tutub, respublikamızın çiçəklənməsi üçün mütərəqqi addımlar ataraq böyük uzaqgörənlik və müdrikliklə Azərbaycanın gələcək müstəqilliyinə əsaslı zəmin yaradıb. Məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf konsepsiyası Azərbaycanın bu gün dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilməsinə şərait yaradıb.
Sonra görkəmli siyasətçi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin müəyyən məqamlarını özündə əks etdirən film nümayiş olunub.
Sonda Azərbaycan Respublikası Prezidentinin 16 mart 2023-cü il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunan DMX-nin əməkdaşlarına müvafiq orden və medallar təqdim olunub.