Hikmət Əlizadə: Həyata keçirdiyimiz strategiya məsuliyyətli ovçuluğun aşılanmasına yönəlib
Bakı, 27 fevral, AZƏRTAC
Ovçuluq Azərbaycan xalqı üçün ənənəvi məşğuliyyət növlərindən biridir. Lakin hazırda ovçuluğa münasibətdə fikir ayrılığı mövcuddur. Vətəndaşların bir qismi ovçuluğun məşğuliyyət növü kimi tərəfində olsalar da, bəziləri onu qeyri-humanist məşğuliyyət adlandırırlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə həm ovçuların hüquqlarının müdafiəsi, həm də təbiətin mühafizəsi üçün ortaq məxrəc yaratmağa çalışır. Həyata keçirdiyimiz strategiya məsuliyyətli ovçuluğun aşılanmasına yönəlib. Ovçu təbiət qarşısında məsuliyyətini dərk etməli, mövcud qaydalara, limitlərə əməl etməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə "Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar" mövzusunda beynəlxalq forumda deyib.
"Ovçuluqla məşğul olmaq istəyənlər ilk növbədə ovçuluq bileti əldə etməlidirlər. Ovçuluq bileti Hərbi Ovçuluq Cəmiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilir. Lakin bununla iş yekunlaşmır. Ovçuluq bileti əldə edən şəxs bu sahədə biliklərini sübut etməli və imtahandan keçməlidir ki, ov icazəsi əldə edə bilsin. 2019-cu ildən xarici vətəndaşlara ov icazəsini "ASAN xidmət" mərkəzləri həyata keçirir. Yerli vətəndaşlar isə nazirliyin yerli ərazi şöbələrindən ov lisenziyalarını əldə edə bilərlər. Lakin təəssüf ki, hazırda lisenziyalara münasibət birmənalı deyil. Ovçuların əksəriyyəti qeyri-məhdud sayda lisenziya tələb edirlər. Bu, birmənalı qarşılana və qəbul edilə bilməz. Lisenziyaların limiti ov obyektlərinin sayının həddinə mütənasib olaraq müəyyən edilir", - deyə H.Əlizadə qeyd edib.
Departamentin direktorunun sözlərinə görə, hər il ov mövsümü açılanda nazirlik nəzdində ov məsələləri üzrə elmi koordinasiya şurası fəaliyyət göstərir. Şuraya mütəxəssislər, alimlər dəvət olunur. Bu il şura öz fəaliyyətini genişləndirmək üçün maraqlı tərəfləri də cəlb edəcək. Şura Azərbaycan təbiətində növlərə uyğun sayda ov icazəsinin verilməsini müəyyən edir ki, ov obyektinin populyasiyasına ziyan vurulmasın. Ov müddətləri müəyyənləşdirilərkən heyvanların bioloji xüsusiyyətləri, çoxalma dövrləri və digər vacib məqamlar qeydə alınır. Yalnız bundan sonra məhdud sayda, məkanda və müddətdə ova icazə verilir. Bu qaydalar məcburidir, vətəndaşların istəkləri deyil, tövsiyələri nəzərə alına bilər. Məqsədimiz məsuliyyətli ovçuluğu təmin etməkdir.