Hindistanda COVID-19-a yoluxanların sayı 15 milyonu ötüb
Pekin, 19 aprel, AZƏRTAC
Ötən sutka Hindistanda COVID-19 infeksiyasına 273 min 810 yoluxmanın qeydə alınması ilə ölkədə bu virusa yoluxanların ümumi sayı 15 milyonu ötüb.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün aşkarlanan yoluxmalar pandemiya dövründə Hindistanda qeydə alınan gündəlik ən çox yoluxma sayıdır. Ötən sutka dünyada ən çox yoluxma da məhz Hindistanda qeydə alınıb.
Ümumiyyətlə bir aydan çoxdur ki, Hindistanda sutkalıq yoluxma sayı gündən-günə artır. Son 4 sutkada isə gündəlik yoluxma sayı 200 mindən çox olub.
Ötən gün COVID-19 infeksiyası səbəbindən 1619 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 178 min 769-a çatıb. Bildirilir ki, hazırda ölkədə təxminən 2 milyon aktiv COVID-19 xəstəsi var.
Hazırda pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda son günlər COVID-19 infeksiyasına yoluxmaların, paralel olaraq ağır xəstələrin sayının sürətlə çoxalması xəstəxanalarda oksigen və müalicə dərmanları çatışmazlığına səbəb olub. Bəzi tibb müəssisələrində oksigen çatışmazlığından ölüm halları da qeydə alınıb.
Qeyd edək ki, Hindistan hazırda yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə Birləşmiş Ştatlar, Braziliya və Meksikanın ardından 3-cü sıradadır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin