HİTROU DÜNYANIN ƏN PİS HAVA LİMANI SAYILMIŞDIR
Respondentlərin fikrincə, ən yaxşı hava limanı Sinqapurun Çangi hava limanıdır. Hava limanlarının fəaliyyətinə qiymət verilərkən terminalın binasında hərəkətin rahatlığı, habelə tualetlərin təmizliyi kimi adi amillər nəzərə alınmışdır. Bu və digər göstəricilərə görə Hitrou axırıncı yeri tutmuşdur.
Bu gerilik Britaniya xüsusi xidmət orqanları avqust ayında Hitrou hava limanından uçan transatlantik aviaxətti təyyarələrində terror aktının qarşısını aldıqdan sonra hava limanının işində yaranmış çoxlu çətinlik və fasilə ilə əlaqədardır. Hava limanının rəhbərliyi yüklərin yoxlanmasını sərtləşdirməyə məcbur olmuşdur ki, bu da reyslərin gecikməsinə və sərnişinlərin narazılığına gətirib çıxarmışdır.
Britaniya hava limanlarının baş operatoru BAA şirkətinin nümayəndəsi diqqəti Hitronun həddindən artıq yükləndiyinə yönəltmişdir. İldə 45 milyon sərnişin daşınması üçün nəzərdə tutulmuş hava limanı hər il 68 milyon nəfərə xidmət edir. 2008-ci ildə BAA ildə 30 milyon sərnişinə xidmət göstərəcək yeni terminal açmaq niyyətindədir.
İrlandiyanın Ryanair aviaşirkətinə gəldikdə isə, aviasərnişinlərin fikrincə, onun ən böyük çatışmayan cəhəti xidmətçi heyətin olduqca pis rəftarıdır. Digər çatışmazlıqlar isə uçuşların tez-tez təxirə salınması və təyyarə salonlarında oturacaq yerlərin dar olmasıdır.