QAN YADDAŞI
HOLLANDİYADA 20 YANVAR FACİƏSİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
Paris, 18 yanvar (AZƏRTAC). Hollandiyanın Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, qurumun təşəbbüsü ilə 20 Yanvar faciəsinin 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycanın bu ölkədə fəaliyyət göstərən diplomatik korpusunun nümayəndələrinin, diaspor təşkilatları rəhbərlərinin, qardaş Türkiyənin diaspor təmsiçilərinin, iş adamlarının və Hollandiyada təhsil alan tələbələrimizin iştirak etdiyi tədbirin əvvəlində faciəli günlərdə öz ölkəsinin və xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq şəhidlik zirvəsinə yüksəlmiş mərd Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
BAK-ın sədri Elsevər Məmmədov böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnmiş 20 Yanvar faciəsinin, M.Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasəti barədə məlumat vermiş, bu qanlı faciədən 20 il keçməsinə baxmayaraq hələ də xalqımızın tarixinin qara səhifəsini təşkil edən həmin hadisəni törədənlərin öz layiqli cəzalarına çatmadıqlarını söyləmişdir. O, bu faciənin beynəlxalq qurumlar tərəfindən gələcəkdə ədalətli qiymətini alacağına ümid etdiyini bildirmişdir. 20 Yanvar faciəsini xalqımız yalnız ümumxalq hüzn günü kimi qeyd etmir. Eyni zamanda, qırmızı imperiyanın Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu nümayiş etdirən bir qəhrəmanlıq nümunəsi kimi daim xatırlayır.
Tədbirdə tanınmış kinorejissor Ramiz Əliyevin faciə ilə bağlı təqdim etdiyi filmlər nümayiş etdirilmişdir.
Sonda azadlıq yolunda canlarından keçərək şəhid olmuş Vətən övladlarının unudulmaz xatirəsinə dualar oxunmuş və ehsan verilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris