Humanitar Fənlər Gimnaziyasında Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci ildönümü qeyd olunub
Bakı, 20 may, AZƏRTAC
Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycan Dövlət Pedaqoji Universitetinin IV kurs tələbəsi Hüseyn Əskərov çıxış edərək belə tədbirlərin gənc nəslin vətənpərvər və şəxsiyyət kimi yetişməsində böyük rol oynadığını qeyd edib.
Gimnaziyanın direktoru İlqar Talıbov Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçilik tarixində oynadığı rolu qeyd edərək, gənc nəslin bu qiymətli mirasa sahib çıxmasının vacibliyini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının siyasi və ideoloji əsaslarını önə çəkərək, ilk milli dövlətimizin türk-müsəlman dünyasında oynadığı xüsusi rolu qeyd edib. Tarixçi-alim, eyni zamanda, Cümhuriyyət dövründə əsas dəyərlərə diqqət çəkib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri Sevinc Eyyubova, Əliəşrəf Abdulrazaqov və digərləri də tədbirin əhəmiyyətindən danışaraq təşkilatçılara təşəkkürlərini bildiriblər.
Tədbirin bədii hissəsində gimnaziyanın şagirdləri Cümhuriyyətin yaranması və fəaliyyəti ilə bağlı maraqlı səhnəciklər nümayiş etdirərək tədbirə xüsusi rəng qatıblar.