“HÜQUQ İSLAHATLARININ DƏSTƏKLƏNMƏSİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ DƏYİRMİ MASA KEÇİRİLƏCƏKDİR
GTZ-nin Bakı ofisindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu islahatların məqsədi inzibati icraatın şəffaflığını təmin etməkdir. Layihə çərçivəsində Milli Məclis Aparatının rəhbəri Şəfa Mirzəyevin rəhbərliyi ilə işçi qrup yaradılmışdır. Qrupun tərkibinə Milli Məclisin İnzibati və Hərbi Qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov, şöbə müdirinin müavini cənab Səyyad Kərimov, baş məsləhətçi cənab Eldar Əsgərov və Ədliyyə Nazirliyinin Qanunvericilik və Hüquqi Təbliğat İdarəsinin rəis müavini Sübhi Kazımov daxildirlər. İşçi qrup artıq “İnzibati İcraat haqqında” qanun layihəsini işləyib hazırlamışdır. Almaniyanın Baden-Vürtemberq Torpağının Ədliyyə Nazirliyinin şöbə müdiri Folker Ellenberger və GTZ-nin Bremendəki “Keçid dövrü ölkələrində hüquq islahatları” layihəsinin əməkdaşı Dr. Yens Derre qanun layihəsinə rəy hazırlamışlar.
Hazırlanmış rəy əsasında qanun layihəsinin müzakirəsi məqsədi ilə GTZ və Milli Məclislə iyun ayının 16-17-də ikigünlük dəyirmi masa təşkil edəcəkdir. Tədbirdə Almaniyalı mütəxəssislərlə yanaşı, Avropa Şurasının eksperti Filip Gerber də (İsveçrə) iştirak edəcəkdir. Tədbir GTZ-nin “Hüquq və Media” Tədris Mərkəzində keçiriləcək.
Ellenberger və Dr. Derre Azərbaycana səfər əsnasında Ali Məhkəmədə və Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Almaniya İnzibati Hüququnun əsas prinsipləri” və “Almaniyada inzibati işlərə dair məhkəmələr” mövzusunda məruzə ilə çıxış edəcəklər.