Hüseyn Məmmədov: Son zamanlarda mülki dövriyyənin genişlənməsi ilə bağlı vərəsəlik əmlaklarının dairəsi genişlənir
Bakı, 1 mart, AZƏRTAC
Son illər Konstitusiya Məhkəməsinin vərəsəlik hüquq normalarının tətbiqi üzrə qəbul etdiyi qərarların sayının artması bu sahədə daim hüquqi tənzimləməyə və aydınlaşdırmalara ehtiyac olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Notariat Palatasının birgə təşkilatçılığı ilə martın 1-də keçirilən “Vərəsəlik hüququ - müasir çağırışlar” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı söyləyib.
“Vərəsəlik hüquq münasibətlərinin tənzimlənməsi və gerçəkləşdirilməsi: Notariat və məhkəmə qaydası” mövzusunda çıxış edən H.Məmmədov bildirib ki, son zamanlarda vərəsəlik hüquq münasibətlərinin, mülki dövriyyənin genişlənməsi ilə bağlı vərəsəlik əmlaklarının dairəsi genişlənir. Qeyd olunub ki, mülki dövriyyənin genişlənməsi daha çox aktuallaşmış rəqəmsal aktivlərin, həmçinin rəqəmsal hüquqların anlayışının qanunvericiliyə daxil edilməsini zəruri edib: “Bunun üçün hüquqi baza yaradılmalıdır, həmin hüquqlar və aktivlər gələcəkdə miras əmlakın tərkibinə daxil edilməlidir”.