Hüseynqulu Bağırov: Əgər təbiətə hamılıqla qayğı göstərsək, nəticələr də istədiyimiz kimi olacaqdır
Bakı, 4 iyun (AZƏRTAC). Bu təbiət hər birimizindir və hamımıza məxsusdur. Əgər təbiətə hamılıqla qayğı göstərsək, nəticələr də istədiyimiz kimi olacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Bakıda keçirilən Birinci Beynəlxalq Gələcək Forumu çərçivəsində jurnalistlərə verdiyi müsahibədə demişdir.
Yay mövsümündə ölkəmizin meşələrində baş verə biləcək yanğınların qarşısını almaq üçün görülən tədbirlərdən danışan H.Bağırov demişdir: “Əlbəttə, bu tədbirlər görülməsəydi, biz də başqa ölkələrdəki kimi meşə yanğınları ilə üzləşə bilərdik. Bununla belə, insanlar özləri də anlamalıdırlar ki, bizdə yay çox isti keçir, quraqlıq olur və ona görə də istirahət etdikləri yerlərdə odla ehtiyatlı davranmalıdırlar. İnanıram ki, hər bir insan bunun nə dərəcədə vacib olduğunu çox gözəl bilir və buna riayət edəcəkdir”.
Nazir bir çox ölkələrdə meşələrin mühafizəsində əsas rolu yerli icmaların oynadığını diqqətə çatdırmış, Azərbaycanda da bu potensialdan istifadənin vacibliyini vurğulamışdır.
Xəzər dənizində çirklənmənin qarşısını almaq üçün görülən tədbirlərlə bağlı sualı cavablandıran H.Bağırov bu istiqamətdə həyata keçirilən işlərdən və əldə olunan nailiyyətlərdən söz açmışdır. O, əvvəllər Xəzərdə suyun çirkli olması səbəbindən dəniz heyvanlarının bəzilərinin nəslinin kəsildiyini bildirmiş, hazırda onların bir çoxunun bərpa olunduğunu qeyd etmişdir.
H.Bağırov nazirliyin mütəmadi olaraq həyata keçirdiyi layihələrə, xüsusən də damcılı suvarma əsasında yaşıllaşdırma layihələrinə də toxunmuşdur. O bildirmişdir ki, bu sistem başlanğıcda müsbət nəticə verdiyinə görə yenə də davam etdirilir və əsasən zeytun ağaclarının suvarılmasında istifadə olunur. Təsadüfi deyil ki, son üç ildə Azərbaycanda zeytun bağlarının sahəsi iki dəfə artmışdır.
Nazir daha sonra elektromaqnit şüalanmalar və onların normaya salınması barədə də danışaraq qeyd etmişdir ki, nazirlik bununla bağlı operativ tədbirlər görür.