Hyustonda Novruz bayramı şənliyi keçirilib
Vaşinqton, 27 mart, AZƏRTAC
ABŞ-ın Hyuston şəhərində Novruz bayramı şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Hyustondakı Azərbaycan icmasının fəalları tərəfindən təşkil olunmuş bayram axşamı müxtəlif əyləncələr və çıxışlarla, o cümlədən müğənni Elariz Məmmədoğlunun ifası, Azərbaycan xalq və uşaq rəqsləri, habelə diceyli diskoteka ilə müşayiət olunub.
Bayram süfrəsini Azərbaycan milli mətbəxinin ləziz təamları və Novruzun rəmzi olan səməni bəzəyib. Hyustonun banket zallarından birində keçirilən bu şənlikdə bu şəhərdən və ətraf yaşayış məntəqələrindən 150 qonaq iştirak edib.
Tədbirdə çıxış edən ABŞ-dakı Azərbaycan diasporunun fəalı və TexasAzerbaijanis.com saytının yaradıcısı Toğrul Məmmədbəyov qonaqları salamlayaraq təşkilatçılara və könüllülərə təşəkkürünü bildirib.
Sonra çıxış edən Hyuston Azərbaycan Mərkəzinin idarə heyətinin üzvü Sevinc Zeynallı Novruzun tarixindən bəhs edib, onun ənənələri və xalqımızın qədim bayramlarından söz açıb.
Hyuston Azərbaycan Mərkəzinin rəhbəri, Hyuston-Bakı qardaşlaşmış şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova qonaqları bayram münasibətilə təbrik edib, tədbirin təşkilatçıları və sponsorlarına təşəkkürünü çatdırıb.
Bayram axşamı uşaq rəqs ansamblının, tanınmış müğənni Elariz Məmmədoğlunun ifası və soydaşlarımızın rəqsləri ilə davam edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton