Hyustonda Qara Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
Vaşinqton, 18 yanvar (AZƏRTAC). Hyuston şəhərindəki Azərbaycan Mərkəzində Qara Yanvar qurbanlarının xatirə gecəsi keçirilmişdir. Məlumdur ki, Qara Yanvar faciəsi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermişdir. Həmin gecə, rəsmi məlumatlara əsasən, 26 min nəfərdən ibarət sovet qoşun hissələri Bakıya daxil olaraq şəhərin dinc əhalisinə qarşı qanlı qırğın törətmişlər. 147 nəfər qətlə yetirilmiş, 700-dən artıq adam yaralanmışdır.
Azərbaycan Mərkəzinin prezidenti İradə Axundova mərasimə toplaşanları salamlayandan sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycanlı icmasının fəal üzvlərindən Mehriban Əfəndi çıxış edərək Bakıya qoşun yeridilməsinin tarixçəsini danışmışdır. Qeyd etmişdir ki, Qara Yanvarın Azərbaycan tarixində ən faciəli səhifələrdən biri olmasına baxmayaraq, həmin gün ölkənin işıqlı və müstəqil gələcəyinə yol açmışdır. M.Əfəndi son illər Azərbaycanın iqtisadi inkişafından, idman və mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlərdən danışmışdır.
Gecənin iştirakçıları 1990-cı ilin o faciəli yanvar günü ilə bağlı xatirələrini bölüşmüşlər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton