İaşə və sərnişindaşıma fəaliyyəti həyata keçirən vergiödəyiciləri üçün vergi güzəştləri planlaşdırılır

Bakı, 22 aprel, AZƏRTAC
Müxtəlif vergi rejimlərində çalışan vergiödəyiciləri üçün vergi güzəştləri planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin hazırladığı “Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmi”ndə deyilir.
Bildirilir ki, koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergiödəyicilərinə seçdikləri vergitutuma metodundan asılı olaraq, 2020-ci il yanvarın 1-dən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.
• Mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə:
- Əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.
• Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergiödəyiciləri üzrə:
- Sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilməsi nəzərdə tutulur.
Sahə üzrə vergi dərəcəsi və məbləği |
Hazırda |
Təklif edilir |
İctimai iaşə sektoru |
8 faiz |
4 faiz |
Sərnişindaşıma (taksi istisna) - hər oturacağa görə* |
1,8 AZN |
0,9 AZN |
Sərnişindaşıma (taksi) - hər nəqliyyat vasitəsi üçün* |
9 AZN |
4,5 AZN |
* Fəaliyyət ərazisindən asılı olaraq əmsallar tətbiq edilir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim olunub. Təkliflər paketində bir sıra vergi güzəştləri və tətillər nəzərdə tutulur. Təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergiödəyicilərinə 2020-ci il yanvarın 1-dən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir.