İcraçı direktor: Azərbaycan qlobal şəhərsalma gündəliyində mühüm rol oynayır - MÜSAHİBƏ VİDEO
Bakı, 6 fevral, Vüqar Qurbanoğlu, AZƏRTAC
Qlobal urbanizasiya prosesləri, şəhərlərin dayanıqlı inkişafı və mənzil siyasəti hazırda beynəlxalq gündəliyin əsas mövzularındandır. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rosbax AZƏRTAC-a müsahibəsində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) əhəmiyyəti, Azərbaycanla əməkdaşlıq perspektivləri, Bakıda urbanizasiya çağırışları və insan mərkəzli şəhər planlaşdırmasının vacibliyi barədə fikirlərini bölüşüb.
— Dünya Şəhərsalma Forumu qlobal şəhər siyasətlərinin formalaşdırılması üçün əsas platformadır. Forum çərçivəsində Azərbaycan kimi ölkələrin artan rolu nədən ibarətdir?
— Dünya Şəhərsalma Forumu (WUF) BMT-nin Şəhərsalma Proqramı (UN-Habitat) tərəfindən təxminən 20 il əvvəl maraqlı tərəfləri bir araya gətirmək məqsədilə yaradılıb və artıq 13-cü dəfədir ki, keçirilir. Forum müxtəlif ölkələrdə təşkil olunur və hər dəfə həm milli səviyyədə şəhər gündəliyinin təşviqi, həm də UN-Habitat mandatının icrasına dəstək üçün resursların səfərbər edilməsinə imkan yaradır. Bu il WUF13 mənzil məsələlərinə həsr olunub və bu sahə ötən il 105 üzv dövləti tərəfindən təsdiqlənmiş UN-Habitat strateji planında əsas prioritetlərdəndir. Azərbaycan mənzil məsələləri üzrə Açıq Tərkibli İşçi Qrupunun birgə əlaqələndiricisi kimi mühüm rol oynayır. Bu platformalar ölkələr arasında təcrübə və bilik mübadiləsini gücləndirərək qlobal mənzil böhranının həlli istiqamətində əməkdaşlığı genişləndirə bilər. Eyni zamanda, evsizlik, qeyri-formal yaşayış məntəqələri, məcburi köçkünlər, eləcə də münaqişə və fəlakətlərdən zərər çəkmiş əhali ilə bağlı problemlərin həlli üçün BMT sistemində daha koordinasiyalı fəaliyyətin gücləndirilməsi vacibdir.
— Bakıda sürətlənən urbanizasiya fonunda həyat keyfiyyətinin yaxşılaşdırılması, ictimai xidmətlərin genişləndirilməsi və yaşıl məkanların qorunması üçün UN-Habitat hansı tövsiyələri verir?
— İlk növbədə 2016-cı ildə Habitat III Konfransında qəbul edilmiş Yeni Şəhər Gündəliyinin prinsiplərinə əməl olunmalıdır. Bu sənəd kompakt şəhər modellərini, torpağın sosial və ekoloji funksiyasına hörməti, inklüziv planlaşdırmanı və mənzil məsələsinin prioritet kimi götürülməsini təşviq edir. UN-Habitat şəhərlərdə ictimai və yaşıl məkanların artırılması, təbiət əsaslı həllərin tətbiqi, qadınlar və əlilliyi olan şəxslər üçün inklüziv şəhər planlaşdırılması istiqamətində müxtəlif metodologiyalar hazırlayıb, müasir texnologiyalar və insan amili əsas götürülən şəhər xidmətlərinə çıxışı yaxşılaşdırmağa və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa kömək edir.
— UN-Habitat ilə Azərbaycan arasında əməkdaşlıqda hansı sahələr prioritet olmalıdır: texniki yardım, normativ çərçivələr, yoxsa institusional potensialın gücləndirilməsi?
— Əməkdaşlıq bütün bu istiqamətləri əhatə etməlidir. Hazırda Yeni Şəhər Gündəliyinin növbəti onillik üçün yenidən nəzərdən keçirilməsi mərhələsindəyik. Qlobal mənzil böhranı və iqlim riskləri fonunda daha dayanıqlı və inklüziv şəhərlərin qurulması üçün institutların gücləndirilməsi, siyasətlərin yenilənməsi və praktiki layihələrin həyata keçirilməsi zəruridir. Azərbaycandan Dünya Şəhərsalma Forumu çərçivəsində zəngin təcrübə paylaşılacağına və şəhərlərin daha insan və təbiət mərkəzli olması üçün əməkdaşlığın davam edəcəyinə ümid edirik.
— Azərbaycan ictimaiyyətinə və şəhərsalma mütəxəssislərinə əsas mesajınız nə olardı?
— Şəhərlərin planetimizin gələcəyi üçün həlledici rolunu düzgün dərk etmək vacibdir. İnsanlar üçün əlverişli, inklüziv və dayanıqlı şəhərlər eyni zamanda ekoloji baxımdan da planetə fayda verir. Buna görə insan və təbiətyönümlü şəhərsalma yanaşmalarının təşviqi xüsusi əhəmiyyət kəsb edir.