IDEA Ətraf Mühit Kampaniyası “Beynəlxalq Biomüxtəliflik Günü” ilə əlaqədar seminar-təlim təşkil etmişdir
Bakı, 22 may (AZƏRTAC). Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası (IDEA) “Beynəlxalq Biomüxtəliflik Günü” ilə əlaqədar seminar-təlim təşkil etmişdir.
IDEA-dan AZƏRTAC-a bildirmişlər ki, ətraf mühitin və biomüxtəlifliyin qorunmasına marağı olan 20-dən artıq tələbənin iştirak etdiyi seminar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində keçirilmişdir.
Ekspert qismində Azərbaycan Oriontoloji Cəmiyyətinin sədri, biologiya elmləri üzrə fəlsəfə doktoru Elçin Sultanovun iştirak etdiyi seminar-təlim interaktiv şəkildə keçirilmiş və gənclərin maraqlı müzakirələri ilə yadda qalmışdır.
Tədbirdə qeyd edilmişdir ki, hazırda dünyada 15 milyondan çox canlı növü mövcuddur və hər gün yüzlərlə növ tələf olmaq təhlükəsi ilə üzləşir. Sualtı canlı aləmin qorunması istiqamətində heç bir tədbir görülməzsə, 2100-cü ilə qədər dənizdə mövcud olan bütün növ bitki və heyvan növlərinin yarısından çoxunun məhv olmaq təhlükəsi vardır.
Seminar başa çatdıqdan sonra gənclərin iştirakı ilə Filarmoniya bağında IDEA kampaniyasının 2012-ci ilin mayında elan etdiyi “Quş sığınacağı dizaynı” müsabiqəsinin qalib eskizinə uyğun hazırlanmış quş sığınacaqları quraşdırılmışdır.
Xatırladaq ki, IDEA Ətraf Mühit Kampaniyası 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniya ətraf mühitin qorunması üzrə regional və beynəlxalq əməkdaşlıq şəbəkəsi quraraq biomüxtəlifliyin qorunması ilə bağlı insanları maarifləndirmək istiqamətində müxtəlif ekoloji layihələr həyata keçirir.