İDMAN RƏQSLƏRİ ÜZRƏ AZƏRBAYCANIN AÇIQ ÇEMPİONATININ QALİBLƏRİ MƏLUM OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, aprelin 28-də ABU Arenada idman rəqsləri üzrə Azərbaycanın açıq çempionatı keçirilmişdir.Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya təmsilçiləri də iştirak edirdilər.
Dövlət himni səsləndirildikdən sonra gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycan idmançılarının qazandığı uğurları ölkəmizdə idmanın bütün növlərinə göstərilən diqqət və qayğının nəticəsi olduğunu bildirmişdir.
Sonra yarışlar 12-13 yaşlı (yunior-I) idmançıların çıxışları ilə davam etmişdir. Bu yaş qrupunda Timur Səlimov-Leyla Quliyeva (“Çinar”), Namiq İsmayılov-Valeriya Kotelnikova (“Sirdaş”) və İlyas Aşurbəyov-Mira Nağıyeva (“Olimp”) duetləri I-III yerləri tutmuşlar.
14-15 yaşlıların (yunior-II) birinciliyində Rüstəm Bəşirov-Zərəngiz Hüseynova (“Şane”) dueti fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Elvin Şelmiyev-Günel Xəlilova (“Çinar”) ikinci , Kamil Quliyev-Günel Axundova (“Azəri inciləri”) dueti isə üçüncü yerlərə layiq görülmüşlər. Gənclərin (16-18 yaş) Latın və Avropa rəqsləri proqramında rusiyalı Boqdan Tyaqlıy-Valeriya Syomoçkina cütlüyü birinci yeri tutmuşdur. Gürsel Vahabov-Leyla Mirzəli (“Çinar”) cütlüyü isə hər iki proqramda gümüş medallara sahib olmuşdur.
Nəhayət, daha böyük maraqla qarşılanan yaşlı idmançıların mübarizəsində Azərbaycan yığmasının liderləri Eldar Cəfərov-Anna Sajina (“Şane”) dueti həm latın, həm də Avropa rəqslərinin ifasında ən yüksək bal yığaraq qızıl medallara layiq görülmüşlər. Latın rəqsləri proqramında İlham Osmanov-Nərgiz Osmanova (“Şane”) cütlüyü gümüş, Valeri Malikov- Aleksandra Kosyanenko isə (“Şane”) bürünc medallara layiq görülmüşlər. Avropa proqramında Valeri Malikov-Aleksandra Kosyanenko cütlüyü ikinci, Azər Əşrəfov-Nərminə Muradova (“Aypara”) isə üçüncü olmuşlar.
Qaliblərə medallar və qiymətli hədiyyələr təqdim edilmişdir.