İlahiyyat İnstitutunda doktoranturaya ilk dəfə qəbul imtahanı keçirilib
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) doktoranturaya ilk dəfə qəbul həyata keçirilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, doktoranturaya fəlsəfə doktoru proqramı üzrə iki nəfər (dinşünaslıq ixtisası üzrə əyani doktoranturaya bir nəfər, dinin tarixi və fəlsəfəsi ixtisası üzrə əyani doktoranturaya bir nəfər) qəbul olunub.
Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamı ilə institutun 2019-cu il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları təsdiq edilib.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na əsasən, yüksəkixtisaslı elmi kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunda fəlsəfə doktoru proqramı üzrə doktoranturaya əyani təhsilalma formasını həyata keçirmək, həmçinin dissertantlıq yolu ilə reallaşdırmaq üçün sənəd qəbulu elan olunub.
Xatırladaq ki, İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Aİİ-də bakalavr, magistratura və doktorantura səviyyələri üzrə qəbul həyata keçirilir. Qeyd edək ki, 2020-2021-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə əcnəbi tələbələrin qəbulu da nəzərdə tutulur.