İLHAM ƏLİYEV ATASININ İŞİNİ UĞURLA DAVAM ETDİRƏN İSTEDADLI SİYASƏTÇİDİR
Yanvarın 22-23-də Bakıda keçirilmiş Azərbaycanda İTAR-TASS günlərində iştirak edən Rusiya nümayəndə heyətinin üzvləri onu çox faydalı və səmərəli tədbir kimi qiymətləndirirlər. Bunu Rusiyanın populyar “Tribuna” qəzetinin baş redaktoru Oleq Kuzin AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir. O demişdir:
“Müstəqil Azərbaycanın paytaxtında İTAR-TASS günlərinin keçirilməsi ideyasının özü bizi çox cəlb etmişdi. Bu, ölkəni görmək, Bakı ilə yaxından tanış olmaq üçün yaxşı imkan idi. Mənə isə bu xüsusilə maraqlı idi, çünki respublikaya ilk dəfə gəlmişdim. Səfər eyni zamanda bir neçə vəzifəni, - bugünkü Azərbaycanı öz gözlərinlə görmək, əməkdaşlıq məsələlərini müzakirə etmək, yeni adamlarla tanış olmaq, - yerinə yetirməyə imkan verdi. Yeni adamlarla tanışlıqdan söz düşmüşkən, deyim ki, ölkə haqqında ən yaxşı təsəvvürü məhz bilavasitə ünsiyyət yaradır.
Proqramı hazırlayan və həyata keçirən İTAR-TASS rəhbərliyinin işini qiymətləndirmək lazımdır. Nümayəndə heyətinə hökumət üzvləri, görkəmli alimlər, tanınmış artistlər, KİV rəhbərləri daxil idi. Sonuncular nümayəndə heyətinin əsasını təşkil edirdilər. Bu, Rusiyanın kütləvi siyasi, mədəni və informasiya desantı idi.
Əlbəttə, biz hamımız qeyd etdik ki, bu tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayədarlığı ilə keçmişdir. Görürdük ki, Prezident bütün əsas tədbirlərdə fəal iştirak edir. Prezidentlə bilavasitə görüş çox yaxşı təsir bağışladı. Açıq və maraqlı söhbət oldu. Xüsusi qeyd etmək istəyirəm ki, söhbət gözəl rus dilində gedirdi. İlham Heydəroviç rus dilini atası Heydər Əliyev kimi təmiz bilir. Prezident Azərbaycanın bugünkü həyatından, müstəqilliyə qovuşduqdan sonra necə bir yol keçdiyindən danışdı. Əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostcasına, qardaşcasına əməkdaşlığın zəruri olduğu barədə fikrin dəfələrlə inandırıcı şəkildə səslənməsi hamımızı ürəkdən sevindirdi. Ona görə də Prezident sarayında verilmiş suallara cavablar da, Prezidentin özünün şərhləri də xoş təəssürat bağışladı. Biz nəinki, sadəcə, dövlət başçısı ilə, - əlbəttə, bu, hiss olunurdu, - həm də Rusiyanın böyük dostu ilə söhbət edirdik və bu ünsiyyətimiz nəticəsində o, bizə daha yaxın bir insan oldu. Elə həmin axşam biz Prezidentlə qeyri-formal görüş keçirdik və biz bir daha əmin olduq ki, o, atasının işini uğurla davam etdirən istedadlı siyasətçi və şəxsi ünsiyyətdə heyranedici insandır.
Xatırlatmaq istərdim ki, qəzetimiz Azərbaycan Prezidentinə kiçik bir hədiyyə edə bilmişdi. Biz Rusiyanın, bəlkə də, yeganə kütləvi informasiya vasitəsi idik ki, Azərbaycanın həyatında unudulmaz, ələmli bir günü - 20 Yanvarı, sovet qoşunlarının Bakıya yeridilməsini və bunun nəticəsində günahsız insanların qırıldığını xatırlamışdıq. Biz onu da xatırlatmışdıq ki, 15 il əvvəl, həmin gün Heydər Əliyeviç Əliyev çox hərarətlə çıxış etmişdi. Biz AZƏRTAC-a təşəkkür edirik ki, onlar bu informasiyanı öz kanalları ilə də yaymışdılar. Yeri gəlmişkən, Prezident bizimlə şəxsi görüşdə bu yazını xatırladı və bizə öz təşəkkürünü bildirdi. Biz bundan çox məmnun olduq. Biz qəzetin bir qədər əvvəl çıxan və atasına həsr edilən “Heydər Əliyev adlı fitri istedad” sərlövhəli səhifəsini ona bağışladıq. “Tribuna”nın aparıcı jurnalistlərindən biri, yazıçı Viktor Andrianovun azərbaycanlı yazıçı, Bakı qaz emalı zavodunun direktoru Hüseynbala Mirələmovla birlikdə yazdığı “Heydər Əliyev” kitabının əlyazmasını bu günlərdə “Molodaya qvardiya” nəşriyyatına təqdim etmişdir. Kitab bu il mayın əvvəllərində “Görkəmli adamların həyatı” seriyasında çapdan çıxacaqdır. Biz bu kitabın Azərbaycan səfirliyinin iştirakı ilə Moskvada və Bakıda, yəqin ki, Heydər Əliyev Fondunda təqdimatının keçirilməsi barədə razılığa gəlmişik.
Gördüyünüz kimi, nəinki gözəl Bakı şəhərini, - mən əvvəllər onu ancaq mahnılardan tanıyırdım, - görə, həm də gözəl insanlarla ünsiyyətdə ola bildik.
Biz “Tribuna” qəzetinin Azərbaycanda yayılması məsələsini müzakirə etdik. “Tribuna” müstəqil qəzetdir, heç bir siyasi qüvvənin fitnə-felinə uymur, əvvəllər çoxlu oxucumuz olmuş Bakıda nəşr məsələsini özünün bakılı dostları və tərəfdaşları ilə həll edəcəkdir. Zənnimcə, buna ehtiyac var, axı, Bakı beynəlmiləl və rusdilli şəhərdir. Kiçik, amma çox səciyyəvi bir məqama toxunmaq istərdim. Asudə vaxtlarımızda Bakının mərkəzinə gəzintiyə çıxırdıq və bu zaman eşidirdik ki, insanlar bir-birilə ünsiyyətdə rus dilindən də istifadə edirlər. Bu, bizim üçün xoş idi. Əlbəttə, bu, bizim xətrimizə, qonaqlara hörmət əlaməti olaraq rus dilində danışmaq naminə edilmirdi. Rus dili daxili, şəxsi ünsiyyət, ailədə işlədilən dildir. Bu da xoşdur.
Ümumən, İTAR-TASS-ın himayəsi və Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AZƏRTAC-ın güclü dəstəyi ilə keçirilən tədbir çox parlaq təəssürat oyatdı.
AZƏRTAC-da olduğumuz anlar da unudulmazdır. Heyif ki, vaxt məhdudiyyətindən orada həmkarlarımızla ətraflı söhbətləşə bilmədik. Azərbaycanlı dostlarımız, həmkarlarımız çox mühüm və şərəfli bir vəzifəni yerinə yetirərək, dünya xəbərlərini öz vətəndaşlarına, Azərbaycan həqiqətlərini isə dünya ictimaiyyətinə çatdırırlar. Prezidentlə görüşdə səslənmiş belə bir maraqlı ifadəni xatırlatmaq istərdim ki, informasiya natamam olmamalıdır, yəni, Rusiyada nələr baş verdiyindən təkcə Bakıda xəbər tutmamalıdırlar, Azərbaycanda baş verənləri Rusiyada da bilməlidirlər. Bu baxımdan İTAR-TASS da, AZƏRTAC da eyni vəzifəni yerinə yetirirlər. Əlbəttə, Rusiya KİV-ləri də postsovet məkanında baş verən hadisələrə böyük diqqətlə yanaşmalıdırlar. Özü də, təkcə xoşagəlməz hadisələr baş verəndə yox, həmçinin ürəkaçan, sevindirici işlər olanda da. Mədəniyyət, elm, təhsil, sənaye və s. sahələrdə olan müsbət xarakterli hadisələrdən yazmaq lazımdır. Öz qəzetim adından deyə bilərəm ki, Bakıya səfər Azərbaycanda vəziyyətin işıqlandırılmasına müsbət təsir göstərəcəkdir. Azərbaycanın həyatı, respublikanın tarixi, bugünkü günü haqqında, bəlkə də, heç bir nəşr bizim qəzet qədər yazmır. İndi isə daha çox yazacağıq”.
“Tribuna” qəzetinin baş redaktoru Oleq Kuzin həmçinin dedi ki, Bakıya səfər çoxsaylı ideyalar, birgə layihələr doğurdu. “Mən hələ Bakıya səfər ərəfəsində yaranmış bir ideyanı həyata keçirmək istəyirəm. Azərbaycanın Moskvadakı səfiri Ramiz Rizayevin yanında oldum və bu ideyanı ona söylədim. Səfir ideyanı dəstəklədi. Bu ideya Moskvadakı Azərbaycan diasporunun görkəmli nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” keçirməkdən, azərbaycanlıların Moskvada, ümumiyyətlə, Rusiyada necə yaşadıqlarını, gündəlik həyatda nə kimi siyasi, sosial, mədəni və etnik xarakterli problemlərlə qarşılaşdıqlarını müzakirə etməkdən ibarətdir. Görüşə Rusiya tərəfindən elə adamlar dəvət etmək istəyirik ki, onlar verilən sualları cavablandıra bilsinlər. Ola bilsin ki, bunlar miqrasiya xidmətinin, daxili işlər orqanlarının təmsilçiləri, elm, təhsil və digər sahələrin nümayəndələri olacaqlar. İndi, Bakıya səfərdən və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra bu “dəyirmi masa”nın necə olacağını təxminən təsəvvür edirəm.
Bakıya qısamüddətli səfər məndə bax, belə gözəl fikirlər doğurdu. Çox şadam ki, orada özümə yeni dostlar tapdım. Ürəkdən inanıram ki, tezliklə yenidən Bakıya qayıdacağam. Amma bu dəfə əməkdaşlığımızı davam etdirmək məqsədi ilə”.
Söhbəti yazdı:
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva