İlin sonunadək Bum meşəbəyliyində 40 hektar yanmış meşə ərazisinin bərpası nəzərdə tutulub
Qəbələ, 10 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacəkmə tədbirləri ilə yanaşı, yanmış meşə ərazilərinin bərpası işlərini də həyata keçirir. Hazırda Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Bum meşəbəyliyi ərazisində meşəbərpa tədbiri aparılır. Burada 40 hektar yanmış meşə ərazisinin bərpası nəzərdə tutulub. Meşəbərpa tədbiri toxum səpini üsulu ilə aparılır. Səpində yerli meşə təsərrüfatlarında tədarük olunmuş Qafqaz vələsi, adi göyrüş, nəhəng ağcaqayın və uzunsaplaq palıd toxumlarından istifadə olunur. Həmin toxumlar yerli meşə təsərrüfatlarında tədarük olunduğu üçün yerli meşə şəraitinə uyğundur. Buradan biz yüksək bitiş faizi gözləyirik.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Cabbar Qəribov deyib.
Mütəxəssisin sözlərinə görə, 40 hektar ərazinin 20 hektardan çoxu əkilib. Bu gün 4 hektar ərazidə meşəbərpa işləri aparılır. Qalan 16 hektarda isə torpaq hazırlığı işləri görülür. Bu ayın sonuna qədər meşəbərpa tədbirlərinin başa çatdırılması planlaşdırılır. Gün ərzində 2 ton palıd toxumu, 200 kiloqram vələs, 220 kiloqram adi göyrüş, 200 kiloqram ağcaqayın toxumu səpiləcək.
"Meşələrdə baş verən yanğınlar əsasən antropogen amillərin təsirindən, vətəndaşların ehtiyatsızlığı ucbatından olur. Bum meşəbəyliyində qeydə alınan yanğınların söndürülməsində yerli əhali də, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də fəal iştirak ediblər. Onlar həmin ərazilərin bərpasına da töhfə vermək üçün səpin işlərinə qoşulublar", - deyə nazirliyin mütəxəssisi bildirib.