İLK MÜSƏLMAN QIZ MƏKTƏBİNİN 100 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyəti mayın 31-də Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmarlar İnstitutunun iclas salonunda Bakıda ilk müsəlman qız məktəbinin açılmasının 100 illik yubileyinə həsr olunmuş elmi -nəzəri konfrans keçirmişdir.
Cəmiyyətin prezidenti Səttar Zərdabi konfransı açaraq bildirdi ki, Bakıda ilk müsəlman qız məktəbi Azərbaycanın mütəfəkkir ziyalısı, ilk təbiətşünas alimi, milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin təşəbbüsü və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin köməyi ilə yaradılmışdır. Bu təşəbbüsün ilk günlər böyük çətinliklərlə qarşılaşdığını vurğulayan natiq qız məktəbinin sonralar təkcə ölkəmizdə deyil, bütün müsəlman aləmində geniş şöhrət tapdığını bildirdi.
Tarix elmləri doktoru, “Azərbaycan qadını” jurnalının məsul katibi Sabir Gəncəli “Müsəlman şərqində 100 yaşlı ilk qız məktəbi” mövzusunda məruzə etdi. Natiq müsəlman aləmində qadınların dünyəvi təhsil almalarında, ictimai həyatda yaxından iştirak etməsində məktəbin əvəzsiz xidmətlər göstərdiyini söylədi. O, Azərbaycanda maarifçiliyin təbliğində bu məktəbin məzunlarının yorulmaz fəaliyyətindən söz açdı.
Filologiya elmləri namizədi, Zərdabişünas Vəli Məmmədov, Azərbaycan Dillər Universitetinin fəlsəfə, politologiya və iqtisadi nəzəriyyə kafedrasının müdiri Məhəmməd Teymurlu, Bakı Ali Pedaqoji Qızlar Seminariyasının rektoru, pedaqoji elmləri doktoru Ağarəhim Rəhimov və başqaları konfransda çıxış edərək, məktəbin fəaliyyəti ilə bağlı fikirlərini söylədilər.
Konfransda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciət qəbul edildi.