İlon Maskın Marin Lö Penə dəstəyi xarici müdaxilə ittihamlarını yenidən gündəmə gətirib
Paris, 17 iyul, AZƏRTAC
Amerikalı milyarder İlon Maskın 2027-ci il Fransa prezident seçkilərində Marin Lö Penə açıq dəstək verməsi ölkədə geniş siyasi müzakirələrə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bir sıra fransız siyasətçilər bu addımı demokratik proseslərə mümkün xarici müdaxilə kimi qiymətləndirirlər.
Mask özünə məxsus X sosial şəbəkəsində paylaşdığı mesajda Fransa Milli Assambleyasında Milli Birlik (Rassemblement National – RN) fraksiyasının sədri Marin Lö Peni “Fransanın son ümidi” adlandırıb. Bununla da o, ilk dəfə Lö Penin prezidentliyə namizədliyini açıq şəkildə dəstəklədiyini nümayiş etdirib.
Fransa hökuməti Maskın paylaşımına qısa müddətdə reaksiya verib. Xarici işlər naziri Jan-Noel Barro X platformasında yazıb: “Fransada belə bir deyim var: yalnız axmaqlar fikirlərini dəyişmirlər”.
Fransanın solçu “Əyilməz Fransa” (La France insoumise – LFI) partiyasından deputat Antuan Leoman isə Maskın mövqeyini prezident seçkilərinə yönəlmiş xarici müdaxilənin başlanğıcı adlandırıb.
Onun sözlərinə görə, Audiovizual və Rəqəmsal Kommunikasiya üzrə Tənzimləmə Qurumu bu məsələ ilə bağlı araşdırma aparmalıdır.
X sosial şəbəkəsi Fransada artıq cinayət araşdırmasının predmetidir
Fransada iki ayrı şikayət əsasında aparılan istintaqda X platformasının alqoritmindən xarici müdaxilə məqsədilə istifadə edilə biləcəyi iddia edilir.
Bu vəziyyət həm də ötən ay SpaceX şirkətinin birja debütündən sonra dünyanın ilk trilyonçusu hesab edilən İlon Maskın, eyni zamanda, platformanın sahibi kimi siyasi təsir imkanları barədə müzakirələri gücləndirib.
Maskın Fransa siyasətinə müdaxilə kimi qiymətləndirilən bu addımı onun Avropadakı millətçi və populist siyasi hərəkatlara verdiyi dəstəyin davamı hesab olunur. O, daha əvvəl Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasını dəstəkləyərək onu “Almaniyanı xilas edə biləcək yeganə siyasi qüvvə” adlandırmışdı.