İlqar Orucov: Azərbaycan polisi şərəfli vəzifəsini layiqincə yerinə yetirir
Bakı, 8 iyun, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycanda COVID-19 pandemiyasına qarşı dövlətimizin başçısının şəxsi nəzarəti altında mübarizə işi mükəmməl şəkildə qurulub və ölkəmizin bu qlobal təhlükədən minimum itkilərlə çıxması istiqamətində ardıcıl və sistemli tədbirlər reallaşdırılmaqdadır. Bu günlərdə fəaliyyəti ilə ən çox yadda qalan, nümunə sərgiləyən, vətəndaşın yanında olan peşə sahiblərindən biri də Azərbaycan polisidir. Ciddi rejimdə, təhlükəli şəraitdə, hər an koronavirusa yoluxma təhlükəsi ilə üz-üzə qalsalar belə, onlar vəzifələrinin və tapşırıqların öhdəsindən layiqincə gəlirlər.
Bunu Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi fəlsəfə doktoru İlqar Orucov AZƏRTAC-a açıqlamasında deyib.
İ.Orucov bildirib ki, Azərbaycan polisinin bu gərgin günlərdə olduqca yüksək peşəkarlıq nümayiş etdirməsi son illər daxili işlər orqanları sistemində aparılan köklü islahatların səmərəliliyini göstərir: “Pandemiya dövründə əhalinin ən həssas təbəqəsinə zəruri ərzağın, xəstələrə tibbi ləvazimatların və dərmanların çatdırılması işində polislərimizin fəaliyyəti göz önündədir. Həmçinin yolda qalan, yardıma ehtiyacı olan, xəstə insanlara dəstəyini əsirgəməyən polislərimizi gördük. Küçə-küçə gəzərək insanlarla profilaktik söhbətlər edən, onlara ən zəruri məsləhətləri verən də polislərimizdir. Soyuqda, küləkdə, qızmar günəş altında postlarda insanlarla təmkinlə davranan, bəzən vətəndaşlarımızın haqsız rəftarı qarşısında belə ən yüksək nəzakət nümayiş etdirən polis işçilərimiz oldu. İnanıram ki, hər bir vətəndaş onu qoruyan, onun təhlükəsizliyini təmin edən, kriminogen durumun səviyyəsinə görə ölkəmizi dünyanın ən təhlükəsiz dövlətlərdən birinə çevirən polisinin işindən razıdır və öz polisi ilə haqlı olaraq fəxr edir”.
“Biz demokratiya mərkəzləri kimi təqdim edilən dövlətlərdə zaman-zaman polisin insanlarla kobud davranışının şahidi oluruq”, - deyən İlqar Orucov bildirib ki, əslində polisin işi ən qısa zamanda qanunçuluğu təmin etməkdir. Qısa zamanda və kritik anda situasiyanı qiymətləndirib çevik və doğru qərar qəbul etmək yüksək peşəkarlıq tələb edir. Ona görə də polisin qəbul etdiyi qərar əksər hallarda onun leyinə qiymətləndirilir. Bizim polis əməkdaşlarımız bu baxımdan, əksinə, bir çox məqamlarda daha humanist mövqe nümayiş etdirirlər. Buna səbəb həm milli mentalitetimizdən irəli gələn dəyərlər, həm öz xalqına doğmalıq hissi, həm də vətəndaş təəssübkeşliyidir.
“Biz polis əməkdaşlarımızdakı bu xüsusiyyətləri pandemiya dövründə daha aşkar görə bildik. Hazırda insanlarımızın vərdiş etmədikləri karantin qadağaları zamanı müşahidə etdik ki, onların bəzi mənfi hərəkətlərinə belə polislərimiz anlayış və dözüm nümayiş etdirirlər. Bir çox insanlar bəzən karantin rejimində daha əsəbi və həssas mövqe ortaya qoyduqları halda, əksinə, polis əməkdaşlarımızda təmkin və səbir görürük. Ona görə də koronavirus pandemiyası dövründə göstərdikləri fədakarlıqlara görə birmənalı olaraq asayiş keşikçilərimiz - Daxili İşlər Nazirliyinin əməkdaşları ən xoş sözlərə və təşəkkürə layiqdirlər”, - deyə İ.Orucov vurğulayıb.