İndoneziyada COVID-19 virusuna gündəlik ən çox yoluxma və ölüm halı qeydə alınıb
Tokio, 4 sentyabr, AZƏRTAC
Son sutkada İndoneziyada COVID-19 virusuna gündəlik ən çox yoluxma və ölüm halı qeydə alınıb - 3622 yoluxma və həmin xəstəlik nəticəsində 134 ölüm halı.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti sentyabrın 4-də məlumat yayıb. Bildirilir ki, bununla da İndoneziyada koronavirusa yoluxanların ümumi sayı 184 min 278 nəfərə, həyatını itirənlərin sayı isə 7750 nəfərə çatıb. Eyni zamanda, 132 min 55 nəfərin sağaldığı da qeyd edilir.
Ölkə üzrə xəstəliyin episentri hesab edilən Cakartada ən çox yoluxma halı qeydə alınıb - 1359 nəfər. Onun ardınca Şərqi Yava əyalətində 377, Mərkəzi Yavada 242, Qərbi Yavada 238 və Balidə 174 yoluxma qeydə alındığı bildirilir.
Hazırda İndoneziya COVID-19-a yoluxma hallarının sayına görə Cənub-Şərqi Asiyada Filippindən sonra ikinci yeri tutur. Sentyabrın 3-nə olan məlumata görə, Filippində COVID-19-a yoluxanların ümumi sayı 228 min 403 nəfərə çatıb.
Eyni zamanda, İndoneziyanın yoluxma sayına görə dünyanın 215 ölkəsi arasında 23-cü yeri tutduğu da bildirilir.
Yoluxma nəticəsində həyatını itirənlərin sayına görə isə Şərqi Yava əyaləti öndə gedir. Son sutka ərzində burada 34 xəstənin həyatını itirdiyi qeyd edilir. Şərqi Klimantanda 27, Mərkəzi Yavada 18 və Cakartada 15 nəfərin həyatını itirdiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio