İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsi Yava dənizinə düşüb
Tokio, 9 yanvar, AZƏRTAC
İndoneziya kütləvi informasiya vasitələrinin rəsmi orqanlara istinadla yaydığı məlumata görə, yanvarın 9-da Cakartadan havaya qalxan “Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsi dörd dəqiqədən sonra qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, yerli KİV-lər təyyarənin düşdüyü güman edilən Pulau Male adaları yaxınlığında təyyarənin qalıqlarının və kabellərin tapılması barədə video və foto materiallar yayırlar. Bu qalıqların və kabellərin qəzaya uğramış təyyarəyə məxsus olduğu güman edilir.
Polis zabitlərinin bildirdiyinə görə, yaxınlıqda yaşayan sakinlər havada iki partlayış səsinin eşidiblər.
Qeyd edək ki, bu ərəfədə İndoneziya Nəqliyyat Nazirliyinin hava daşımaları üzrə baş direktoru Novi Riyanto “Sriwijaya Air” şirkətinə məxsus Cakarta-Pontianak reysi üzrə uçan “Boeing -737-524” sərnişin təyyarəsi ilə əlaqənin kəsildiyini təsdiq edib. N.Riyanto hazırda axtarış-xilasetmə işlərinə başlandığını və bununla bağlı BASARNAS milli agentliyi və KNKT milli komitəsi ilə əlaqə saxlanıldığını da bildirib.
Azərbaycanın İndoneziyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyi (XİN) ilə əlaqə saxlayaraq təyyarədə Azərbaycan vətəndaşlarının olması barədə informasiya əldə etməyə çalışıb.
AZƏRTAC-ın İndoneziyadakı xüsusi müxbirinə səfirlikdən verilən məlumata görə, XİN-dən təyyarədə ümumiyyətlə əcnəbilərin olmadığı bildirilib. Araşdırmalar zamanı yeni xəbərlər olacağı təqdirdə bu barədə səfirliyə məlumat çatdırılacağı qeyd olunub. Hazırda səfirlik məsələni diqqətdə saxlayır.
Əlavə olaraq qeyd edək ki, təyyarə ilə əlaqə son dəfə o, 11 min fut yüksəklikdə olarkən yaradılıb. Təyyarənin havaya qalxmasından dörd dəqiqə sonra onunla əlaqə kəsilib.
Rəsmi məlumatlara görə, təyyarənin göyərtəsində 56 sərnişin və 6 heyət üzvü olub. Sərnişinlərdən 46-sının böyük, 7-sinin uşaq, 3-nün isə körpə olduğu bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio