“İnformasiya cəmiyyətinin inkişafında medianın rolu” mövzusunda müzakirələr aparılıb
Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Bakıda Qlobal Karyera İnstitutunun, İstanbul Yeni Yüzyıl Universitetinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “İnformasiya cəmiyyətinin inkişafında medianın rolu” mövzusunda konfrans-seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbirdə çıxış edərək Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, hər iki ölkənin mətbuat nümayəndələri arasında təcrübə mübadiləsinin aparılması baxımından tədbirin əhəmiyyətini qeyd edib. Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu deyən Ə.Amaşov Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasında qardaş ölkənin mühüm rolunu vurğulayıb.
Azərbaycanın və Türkiyənin mətbuat nümayəndələri arasında təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edən Şuranın sədri 2007-ci ildən iki ölkənin jurnalistlərinin müştərək layihələr, tədbirlər həyata keçirdiklərini diqqətə çatdırıb. Bildirib ki, məhz həmin dövrdən etibarən türkdilli xalqların jurnalistlərinin forumları, konfransları təşkil olunur, geniş və səmərəli fikir mübadiləsi aparılır.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu postmodern cəmiyyətlərdə medianın mühüm güc və ya təsir vasitəsi kimi çıxış etdiyini söyləyib. O, müasir dövrdə güc nümayişinin və ya tətbiqinin media vasitəsilə həyata keçirildiyini bildirib, məhz bu baxımdan informasiya cəmiyyətlərində manipulyasiya hallarına yol verildiyini qeyd edərək deyib: “Bu gün media beynəlxalq münasibətlərdə elə bir vasitəyə çevrilib ki, ən az hərbi güc qədər mühüm rol oynayır. Beynəlxalq münasibətlərin əsas aktoru olan milli dövlətləri hərbi güclə deyil, “yumşaq güc”lə - media vasitəsilə də yıxmaq mümkündür və bu, hazırda beynəlxalq münasibətlər sistemində geniş tətbiq olunur”.
H.Babaoğlu “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin milli təhlükəsizliklərinin identiklik təşkil etdiyini vurğulayaraq, bu baxımdan belə tədbirlərin əhəmiyyətini qeyd edib.
Qlobal Kariyera İnstitutunun direktoru Orxan Həsənoğlu 18 mart - Çanaqqala zəfəri günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək müasir informasiya cəmiyyətində mövcud proseslərdən danışıb. Müasir dövrdə ciddi informasiya müharibəsinin aparıldığını vurğulayan O.Həsənoğlu bu prosesdə medianın mühüm rol oynadığını söyləyib. O bildirib ki, dünyada texnologiyalar sürətlə inkişaf edir. Bu baxımdan biz istər-istəməz bu proseslərin içərisində oluruq. Sosial medianın inkişafı dövründə hər bir kəs artıq informasiya istehsalçısına çevrilir. Müasir dövrdə təhsilin və medianın mühüm rol oynadığını qeyd edən O.Həsənoğlu cəmiyyətin formalaşmasında mətbuatın önəmini xüsusi vurğulayıb, tədbirin işinə uğurlar arzulayıb.
Medianın cəmiyyətləri istiqamətləndirən mühüm güc vasitəsi olduğunu bildirən İstanbul Yeni Yüzyıl Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Aysel Aziz “İnformasiya cəmiyyətinin inkişafında medianın rolu” mövzusunda təqdimatla çıxış edib, müasir dünyada informasiya cəmiyyətinin aktual məsələlərindən danışıb.
Professor bildirib ki, 1990-cı illərdə internetin kəşfi ilə informasiya cəmiyyətinə keçid prosesi başladı və hər kəsin qoşula bildiyi nəhəng veb-şəbəkə formalaşdı. İnternetin media ilə qovuşması kütləvi informasiya vasitələrinin fəaliyyətinə də güclü təsir etdi, onların iş mexanizmini dəyişdirdi, qəzetlərin yenidən təsisatlanmasına, radio və televiziyaların internet üzərindən yayım həyata keçirməsinə imkan yaratdı. 2005-ci ildən başlayaraq sosial (rəqəmsal) medianın inkişafı prosesi başladı. Müasir dövrdə “Youtube”, “Facebook”, “Twitter”, “Whatsapp”, “Viber”, “Instagram”, “Periscope” kimi sosial şəbəkələr artıq cəmiyyətdə gündəmi müəyyənləşdirə bilirlər.
Bildirilib ki, media gündəmi ya özü, ya da ona sızdırılan məlumatı yaymaqla formalaşdırır. Media bu funksiyanı ya özü araşdırma apararaq birbaşa, ya da sızdırılan informasiyanı yayaraq dolayı yolla həyata keçirir.
Sonra iştirakçıların sualları cavablandırılıb.