“İnklüzivlik ayı” layihəsinin bağlanış mərasimi keçirilib
Bakı, 10 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi tərəfindən “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunmuş “İnklüzivlik ayı” layihəsinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən biri kimi həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan addımlardan danışıb, bu kateqoriyadan olan şəxslərin yaradıcı potensialının dəstəklənməsi istiqamətində ardıcıl işlər aparıldığını bildirib.
Həmçinin inklüziv cəmiyyət ideyasının dövlət və özəl qurumları korporativ sosial məsuliyyətlilik çərçivəsində öz ətrafında daha sıx birləşdirməsində və cəmiyyətin inkişafında mühüm rolu diqqətə çatdırılıb.
Tədbirdə “İnklüzivlik ayı” layihəsi çərçivəsində hazırlanmış işlərdən ibarət sərgi ilə tanışlıq olub, “Səma” rəqs qrupunun və Daun sindromlu gənclərin “Rockabilly dance” rəqs nömrələri, “Danceability” inklüziv rəqs performansı təqdim olunub.
Ölkədə ilk dəfə Daun və autizmli gənclərin iştirakı ilə “Adaptiv moda” gecəsi keçirilib, milli ornamentlərə uyğunlaşdırılan xüsusi hazırlanmış geyimlər nümayiş etdirilib.
Tədbirdə Xalq artisti Tünzalə Ağayeva və “Mavi ürəklər” autizmli gənclərin xor qrupu, Əməkdar artist Sevda Ələkbərzadə çıxış ediblər, gözdən əlilliyi olan şəxs tərəfindən “Xarıbülbül” mahnısı səsləndirilib.
İştirakçılara hesabat videoçarxı təqdim edilib. Layihə çərçivəsində həyata keçirilən 3 komponent üzrə 11 altlayihəyə indiyədək ümumilikdə 17 tərəfdaş, 224 benefisiar və 110 könüllü cəlb olunduğu bildirilib.
Qeyd edək ki, “İnklüzivlik ayı” layihəsi autizm və Daun sindromlu gənclərin, eləcə də görmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi və korporativ sosial məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyıb.
Layihə “PASHA Insurance” və “Badamlı Mineral Sular” MMC-nin baş sponsorluğu, “Mc Donald`s Azerbaijan”, AFFA, AKTİ, Gənclər Fondu, “LİBRAFF” mağazalar şəbəkəsi, ŞAH&mat klubu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Natavan Art” moda evi, “Təmiz Şəhər” ASC, “Art and Creativity Club”, “Beauttech” və “Makeup Academy”nin sponsorluğu, “Birgə və Sağlam” İctimai Birliyi, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti, Daun Sindromlu Gənclərin Reabilitasiya Mərkəzi (Qayğı-Sağlam Nəsil Naminə İctimai Birlik) və Bakı Konqres Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.