İnternat şagirdlərinin bayram sevinci
Bakı, 27 dekabr, AZƏRTAC
Paytaxtdakı 10 nömrəli sanatoriya tipli internat məktəbində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan internat məktəbinin direktoru Fərid Quliyev Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik baxımından mühüm rol oynadığını bildirib.
Fərid Quliyev ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlara göstərilən diqqət və qayğıdan danışıb, bu kateqoriyadan olan uşaqların tədris şəraitinin yaxşılaşdırılması, təhsil problemlərinin həlli istiqamətində son illərdə dövlət tərəfindən əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb.
Tədbirdə şagirdlər Vətənə, həmrəyliyə və Yeni ilə aid şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.