İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLMİŞDİR
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar - ümumxalq hüzn günü ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyində şəhidlərin xatirəsinin anım mərasimi keçirilmişdir.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova sovet imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırlatmışdır. Bildirilmişdir ki, daim xalqının yanında olan ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, ağır günlərdə ölkəmizin haqq səsini ilk dəfə ucaltmış, həyatını təhlükə qarşısında qoyaraq, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə ittiham etmişdir. Məhz ulu öndərimizin qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdir. Ulu öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədi ilə mühüm qərarlar qəbul etmişdir. Dövlətimizin başçısının Sərəncamı ilə Şəhidlər xiyabanında əsaslı yenidənqurma və təmir işlərinin görülməsi də şəhidlərimizin müqəddəs ruhuna hörmət və ehtiramın daha bir nümunəsidir.
Yığıncaqda professor Maqsud Hacıyev “20 Yanvar - Azərbaycanın azadlığı və suverenliyi naminə mübarizənin rəmzidir” mövzusunda məruzə etmiş, xalqımızın Azərbaycanın müstəqilliyi uğrunda keçdiyi mübarizə yolu barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Nazirliyin əməkdaşları çıxışlarında şəhidlərin, onların göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağını, xatirələrinin daim uca tutulacağını vurğulamışlar.
20 Yanvar - ümumxalq hüzn günü ilə bağlı şəhidlərin xatirəsinin anım mərasimləri nazirliyin qurumlarında da keçirilmişdir.