İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ BVF MİSSİYASI İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, missiyanın tərkibinə BVF-nin Cənubi Qafqaz üzrə aparıcı iqtisadçısı Vitali Kramarenko, Azərbaycan üzrə ölkə meneceri Bazil Zavoyko, Fondun müxtəlif sahələr üzrə mütəxəssisləri daxil idilər.
Görüşdə ölkədəki son makroiqtisadi proseslər və 2006-cı il üzrə perspektivlər, dövlət müəssisələrinin cari il üçün xərclər smetasının icra vəziyyəti, dövlət investisiya xərcləri, ilin sonuna qədər olan dövr üçün makroiqtisadi siyasət, neft və qeyri-neft sektorunun ümumi daxili məhsulda real artımı müzakirə olunmuşdur.
Nazir Heydər Babayev 2006-cı ilin ötən dövründə ölkədə sosial-iqtisadi vəziyyət, həyata keçirilən iqtisadi tədbirlər barədə BVF nümayəndələrinə ətraflı məlumat vermişdir. O, həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycanda iqtisadi inkişafın davamlı xarakter aldığını, iqtisadiyyatın müxtəlif sahələrində qazanılmış uğurları qonaqların diqqətinə çatdırmışdır. Qeyd edilmişdir ki, ölkənin gəlirləri artdıqca investisiya xərcləri də ilbəil çoxalır. Nazir energetika, təhsil, səhiyyə, mədəniyyət və idman, nəqliyyat kimi sahələrin, kənd təsərrüfatı məhsullarının emalı, neftlə çirklənmiş torpaqların təmizlənməsi və meliorasiya, tullantıların emalı sahələrinin dövlət investisiya proqramının əsas prioritetləri olduğunu vurğulamışdır.
Görüşdə inflyasiyanın mövcud səviyyəsinə də toxunulmuş və onun idarə olunan həddə - birrəqəmli səviyyədə saxlanılması üçün Azərbaycan hökuməti və Milli Bank tərəfindən birgə müvafiq tədbirlər görüldüyü qeyd edilmişdir.
Vitali Kramarenko Azərbaycandakı iqtisadi sabitliyin qorunub saxlanılması ilə bağlı həyata keçirilən tədbirlərdən və dinamik iqtisadi inkişafdan məmnunluğunu ifadə etmiş və bu istiqamətdə təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığını yüksək qiymətləndirmişdir.
Görüşdə 2007-ci il üçün dövlət büdcəsinin layihəsinin əsasını təşkil edən makroiqtisadi göstəricilər, əsas orta müddətli fiskal parametrlərlə və s. bağlı da geniş fikir mübadiləsi aparılmışdır.