İqtisadiyyat İnstitutunda onlayn ticarətə təsir edən amillər müzakirə olunub
Bakı, 30 mart, AZƏRTAC
İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Samirə Abasovanın “Azərbaycanda innovasiyalı İKT sahəsi üzrə onlayn ticarətə təsir edən amillərin təhlili” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi vurğulayıb ki, telekommunikasiya avadanlıqlarının kəmiyyət artımı Azərbaycanda elektron ticarətin daha səmərəli təşkili üçün texnoloji infrastrukturun inkişafına şərait yardır. Ölkədə İKT məhsullarının idxalının artması elektron ticarətin inkişafını daha da sürətləndirməklə həm İKT sektorunda yaradılan əlavə dəyərin həcmini, həm də bu sahədə məşğulluq səviyyəsini artırır.
“Ölkədə güclü informasiya infrastrukturu yaradılmalı, elektron ticarətin təhlükəsizliyi təmin edilməli, hüquqi tənzimləmə mexanizmləri formalaşdırılmalı və tətbiq olunmalıdır. Azərbaycanda son illərdə internetdən istifadənin artması nəticəsində e-ticarətin inkişafında əhəmiyyətli bir infrastruktur formalaşmaqdadır. İnformasiya texnologiyaları son zamanlar nəinki iqtisadi, həmçinin sosial məkana təsir edir. Bu isə onu göstərir ki, pandemiya zamanı informasiya texnologiyalarına müraciət artıb. İnternet bir çox fəaliyyət sahələrinə - bank, səhiyyə, təhsil və s. dəstək olub”, - deyə Samirə Abbasova qeyd edib.
Sonra məruzəçi sualları cavablandırıb. Azərbaycanda onlayn ticarətin müasir vəziyyəti və ona təsir göstərən başlıca amillər, pandemiyanın bu sahəyə təsiri, elektron ticarətin müsbət və mənfi tərəfləri, onlayn alış-verişin üstünlüklərindən bəhs olunub. Bu sahədə vergi və gömrük tənzimləmələri, əsas yeniliklər, innovasiyaların tətbiqi və mənimsənilməsi problemləri, onlayn ticarətin imkanları və əhalinin bu prosesdə iştirakı məsələləri ətrafında müzakirələr aparılıb.