İqtisadiyyat Nazirliyinin əməkdaşları əsgərlərə sovqat aparıblar
Naxçıvan, 29 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, “Xəyal” Şadlıq Evi və “Nuh yurdu” restoranının kollektivləri 31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan şəhərindəki hərbi hissədə olub, əsgərlərə sovqat aparıblar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, İqtisadiyyat naziri Tapdıq Əliyev əlamətdar gün münasibətilə əsgərləri təbrik edib. Ümummilli lider Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu milli həmrəyliyin bu gün müstəqil Azərbaycanda inkişafın və sabitliyin əsas təminatı olduğunu deyən nazir vurğulayıb ki, ölkədə aparılan ordu quruculuğu siyasəti muxtar respublikada da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında xalq-ordu birliyi ilbəil möhkəmləndirilir, həmrəylik bayramında əsgərlərlə görüşlər keçirilir, onlara sovqatlar təqdim olunur.
Çıxışlarda, həmçinin ordumuzun bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunduğu vurğulanıb.
Hərbi hissənin komandiri polkovnik Yusif Axundov göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Gətirilən bayram sovqatı və ərzaqlar hərbi hissəyə təhvil verilib.