İQTİSADİYYAT
İqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır
Bakı, 13 sentyabr, AZƏRTAC
İqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, Azərbaycanın qeyri-neft ixracatı artım tempini qoruyub saxlayıb. Belə ki, bu ilin ilk 8 ayında qeyri-neft ixracatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz artaraq 2 milyard dollardan çox olub. Qeyri-neft ixrac dəyərində Rusiya 32 faizlə ilk sırada olsa da, bu, mövsümi olaraq şimal qonşumuza daha çox kənd təsərrüfatı məhsulları ixrac etməyimiz ilə bağlıdır. Belə ki, qeyri-neft ixracatımızda 27,7 faizlə ikinci ən böyük tərəfdaşımız olan qardaş Türkiyənin növbəti aylarda payının daha da artacağı gözlənilir. Bütövlükdə, növbəti dövrlərdə qeyri-neft ixracatında Türkiyənin Azərbaycanın əsas tərəfdaşı olacağı gözlənilir. Gürcüstan qeyri-neft ixracat məhsullarımızın 9,9, İsveçrə 4,1, Qazaxıstan isə 3,3 faizini alır. Bu müddətdə ümumi ixracatın həcmi 16 milyard 776 milyon dollar olub. Göründüyü kimi, qeyri-neft ixracatın həcminin artmasına baxmayaraq ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır.