SİYASƏT
İran rejiminin xarici siyasəti onu bütövlükdə İslam dünyasında hörmətdən salıb
Bakı, 6 mart, AZƏRTAC
İran rejiminin xarici siyasətinə nəzər salsaq, burada kifayət qədər ikiüzlü məqamın olduğunu görərik. Məhz buna görə də rejimin xarici siyasəti onu bütövlükdə İslam dünyasında hörmətdən salıb. İran rejiminin Azərbaycana qarşı yürütdüyü siyasət, xüsusilə də 44 günlük Vətən müharibəsindəki və ondan sonrakı mövqeyi bunun bariz nümunəsidir. “İslam Respublikası” olduğunu iddia edən bir dövlət müsəlman qardaşına dəstək olmaq bir yana, Ermənistanın mövqeyini açıq-aşkar müdafiə etdi və bu gün də bu siyasət davam edir. Xocalı soyqırımında yüzlərlə müsəlmanı qətlə yetirən, islami dəyərləri təhqir etmək üçün məscidləri dağıdan, təhqir edərək donuz və mal tövləsinə çevirən bir ölkəni müdafiə etməsi əslində İran rejiminin islami şüarlarının bir ritorikadan ibarət olduğunu göstərdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib.
“Necə ola bilər ki, əli minlərlə müsəlman azərbaycanlının qanına batmış bir ölkənin lideri özünü “islami dəyərlərin, əhli-beyt əxlaqının daşıyıcısı” kimi qələmə verən bir dövlətdə ən ali səviyyədə qarşılanır, onun həyat yoldaşı Qumda İmam Museyi-Kazımın (ə) qızı və İmam Rzanın (ə) bacısı Xanım Məsumənin (ə) ziyarətgahına aparılır, İran-Ermənistan sərhədinin onlar üçün “qırmızı xətt” olduğu elan olunur?! Bunu hansı islami dəyərlə əsaslandıra bilərlər?! Əfqanıstandakı etik qruplardan olan hezaraların liderlərindən biri vaxtilə deyirdi ki, İranın həqiqi siyasəti Aryanizmə (hind-Avropa xalqlarının üstünlüyünü iddia edən nöqteyi-nəzər) əsaslanır, dini dəyərlər isə onlar üçün bir ritorikadan ibarətdir. İran rejiminin bu fəaliyyətləri onu göstərir ki, həqiqətən də onlar üçün dini dəyərlər deyil, Aryanizmə əsaslanan farsçı şovinizm daha önəmlidir. Əks halda ermənilərin deyil, müsəlman azərbaycanlıların tərəfində olardılar. “Qurani-Kərim”in “Mümtəhənə” surəsinin 9-cu ayəsində “Allah sizə sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!”, - deyə buyurulur. İran da öz müsəlman qonşularını yurdundan çıxaranlara dəstək verməklə, onlarla dostluq əlaqələri qurmaqla özünü zalımlar sırasına yazdırmağı bacardı”, - deyə Aqil Şirinov vurğulayıb.