İran saytı Azərbaycanın Vətən müharibəsi barədə analitik məqalə yayıb
Tehran, 2 aprel, AZƏRTAC
İranın “İran Dipolmacy” saytında Qafqaz problemləri üzrə mütəxəssis Alirza Əlizadənin 44 günlük Vətən müharibəsi haqqında analitik yazısı dərc olunub.
AZƏRTAC xəbər verir ki, müəllif Azərbaycanın 30 il əvvəl Ermənistan tərəfindən işğal edilən Qarabağı 44 gün ərzində azad etdiyi yazır. Bildirir ki, lakin Azərbaycanın bu Qələbəsini istəməyən bəzi Qərb dairələri və erməni lobbisi beynəlxalq mətbuatda guya Azərbaycan tərəfindən radikal dini qrupların vuruşması barədə iddia ortaya atdılar. Qərbin bir sıra siyasi dairələri tərəfindən dəstəklənən erməni lobbisinin bu hərəkətini anlamaq olar. Ermənistanın məğlubiyyətini ört-basdır və Azərbaycanın Qələbəsinə kölgə salmaq üçün belə fərziyyələri şişirtmək lazım idi. Lakin radikal dini qrupların Azərbaycan tərəfindən vuruşmadığı aşkardır və bunun 17 səbəbi var.
Bu səbəbləri sadalayan müəllif bildirib ki, Azərbaycan əhalisinin sayı Ermənistandan çoxdur, Azərbaycan xalqı hamılıqla müharibədə iştirak etdi, könüllülərin sayı 150 mini keçmişdi. Ötən 30 il ərzində Azərbaycan iqtisadiyyatını gücləndirdi və ordusunu ən müasir silahlara təchiz etdi. Azərbaycanın təkcə hərbi büdcəsi 3 milyard dollar həcmində olduğu halda, Ermənistanın hərbi büdcəsi 400 milyon dollardan artıq deyildi. Müharibədə iştirak edən Azərbaycan Ordusunun zabit və əsgərləri çətin vəziyyətə düşsələr də, geriyə addım atmadılar, şəhid oldular. Amma Ermənistan ordusunun 10 minə yaxın əsgər və zabiti fərarilik edərək döyüş meydanından qaçdı. Azərbaycan hökuməti neft və qaz satışından gələn gəlirlərdən səmərəli istifadə edərək 5-ci nəsil silahlar, o cümlədən pilotsuz uçan aparatları ilə döyüşə girdi və üstünlük əldə etdi.
Bütün bunlarla yanaşı, İkinci Qarabağ müharibəsində Azərbaycan haqlı tərəf idi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması haqqında 4 qətnaməsi var. Ermənilər bu qətnamələrin tələblərinə məhəl qoymurdular.
Müəllif yazır ki, belə bir üstünlüyə sahib olan Azərbaycan heç vaxt radikal qrupları müharibəyə cəlb edib imicinə zərər vurmaq istəməzdi. Əksinə, terrorçular Ermənistan tərəfindən vuruşaraq əsir düşüblər. Ermənistan tərəfdən Suriya, İraq, Livan və Avropadan gələn muzdlu döyüşçülərin vuruşub.
Əlirza Əlizadə hesab edir ki, İran mediası erməni lobbisinin həqiqətə uyğun olmayan xəbərlərinə uyub. Qərbdə belə xəbərlərin yayılması Azərbaycana təzyiq etməkdən başqa bir şey deyildi. Bölgədə yerləşən və sülhməramlı missiya yerinə yetirən Rusiya hərbçiləri də radikal dini qruplaşmaların Qarabağda döyüşməsi haqqında heç bir sübuta malik deyil.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran