İranda dini azlıqların nümayəndələri Avropadakı islamofobiyaya qarşı etiraz ediblər
Tehran, 7 noyabr, AZƏRTAC
İranda yaşayan dini azlıqların nümayəndələri Tehranda keçirdikləri mətbuat konfransında Avropada baş qaldıran islamofobiyaya qarşı etiraz ediblər.
AZƏRTAC xəbər verir ki, assuriya, zərdüşt və yəhudi dinlərinin nümayəndələri hər hansı bir dinə qarşı təbliğatın yolverilməz və təhlükəli olduğunu bildiriblər.
İranda fəaliyyət göstərən Şərqi Assuriya kilsəsinin yepiskopu Marnersay Bencamin bildirib ki, hələ 2010-cu ildə Fransada müqəddəs “Qurani-Kərim”i yandırıblar. Kağıza od vurmaq olar, lakin milyonlarla insanın qəlbindəki etiqadı, dinə bağlılığı və əxlaqı yandırmaq olmaz.
İran yəhudilərinin dini lideri Yunus Həmmami Laləzar qeyd edib ki, bütün monoteist dinlərin məqsədi eynidir. İslam da, xristianlıq da insanları dostluğa, sevgiyə, ləyaqətə hörmətə çağırır. Müqəddəsləri təhqir etmək heç də söz azadlığından xəbər vermir.
Dini azlıqların nümayəndələri birgə bəyanat qəbul edərək İslam əleyhinə çıxışlara son qoyulmasını tələb ediblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran