“İri Şəhərlərin Su Təchizatı” QSC: Əhali abonentlərinin 79,89 faizi CİS bazasına inteqrasiya olunub
Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) rəqəmsal transformasiyanın sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində abonent məlumat bazasının təkmilləşdirilməsi, suyun uçotu və digər zəruri məlumatların dəqiqliyinin artırılması, eləcə də dataəsaslı qərarvermə potensialının gücləndirilməsi məqsədilə Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyalarına əsaslanan ADSEA CİS sistemi və inteqrasiya prosesi inkişaf etdirilir.
ADSEA-dan bildirilib ki, hazırda “İri Şəhərlərin Su Təchizatı” QSC üzrə əhali abonentlərinin 79,89 faizi - 1 milyon 276 min 39 abonent, qeyri-əhali abonentlərinin isə 67,41 faizi - 80 min 241 abonent CİS bazasına inteqrasiya olunub. Bu inteqrasiya su təchizatı və tullantı suların axıdılması sistemlərinin daha dəqiq idarə edilməsi, monitorinq imkanlarının genişləndirilməsi, su itkilərinin azaldılması, süni intellekt həllərinin tətbiqi və operativ qərarvermənin təmin olunmasına xidmət edir.
Qeyd edək ki, şəbəkələrdə baş verən qəzalar zamanı operativliyin artırılması məqsədilə qəza hadisələrinin qeydiyyatı və idarə edilməsi kağız daşıyıcılardan elektron mühitə keçirilir. Bu məqsədlə ADSEA tərəfindən rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi və sahə əməkdaşlarının fəaliyyət operativliyinin artırılması üçün müasir texnoloji cihazlardan istifadə edilib.
Yeni texniki avadanlıqlar monitorinq nəticələrinin real vaxt rejimində elektron sistemlərə daxil edilməsinə, CİS platforması ilə inteqrasiyanın sürətləndirilməsinə, məlumatların operativ emalına və sahədə görülən işlərə nəzarətin daha səmərəli həyata keçirilməsinə imkan yaradır.
Rəqəmsal həllərin tətbiqi qəza idarəetmə prosesinin səmərəliliyini artırmaqla yanaşı, qərarvermə mexanizmlərinin daha çevik və dəqiq təşkilinə, eyni zamanda, müştəri məmnuniyyətinin artırılmasına xidmət edir.