CƏMİYYƏT
“İRŞAD” ISLAM ARAŞDIRMALARI MƏRKƏZINDƏ MƏTBUAT KONFRANSI
Ölkəmizdə rəsmi səfərdə olan İraq Respublikasının vəqf və dini işlər naziri Əbdül Munim Əhməd Saleh avqustun 3-də “İrşad” islam araşdırmaları mərkəzində mətbuat konfransı keçirmişdir.
Qafqaz müsəlmanları idarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə mətbuat konfransını açaraq dedi ki, on ildən çox nazir işləyən, öz ölkəsində həm də görkəmli alim kimi tanınan doktor Əbdül Munim Əhməd Salehin ölkəmizə səfəri Azərbaycan-İraq əməkdaşlığının, ilk növbədə dini əlaqələrimizin inkişafına təkan verəcəkdir.
Sonra o qonağın respublikamızda keçirdiyi görüşlər barədə jurnalistlərə məlumat verdi. Bildirdi ki, İraq Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmiş, bütün beynəlxalq tədbirlərdə ölkəmizin mövqeyini müdafiə etmişdir.
Mətbuat konfransında qeyd edildi ki, Azərbaycanın və İraqın oxşar problemləri vardır. Ölkələrimizin dövlət və din xadimlərinin belə qarşılıqlı səfərləri üzləşdiyimiz çətinliklərin aradan qaldırılmasına kömək edə bilər.
Sonra cənab Əbdül Munim Əhməd Saleh Azərbaycana iyulun 28-dən başlayan rəsmi səfəri haqqında təəssüratlarını söylədi. O dedi ki, İraq nümayəndə heyəti Azərbaycanda olarkən hər yerdə mehriban qonaqpərvərliklə qarşılanmışdır. Biz burada İraq xalqına sevgi və məhəbbətin şahidi olduq. Bu da Azərbaycan xalqının böyük yüksək mədəniyyətə malik olmasına dəlalət edir.
Mətbuat konfransında Azərbaycan-İraq dostluq cəmiyyətinin sədri, Milli Elmlər Akademiyasının müxbir üzvü Vasim Məmmədəliyev çıxış edərək, İraq nazirinin Azərbaycana səfərinin əhəmiyyətindən söz açdı.
Sonra doktor Əbdül Munim Əhməd Saleh və İraqın Bakıdakı səfiri Qalib Əbdü Hüseyn əl-Təmimi jurnalistlərin suallarına cavab verdilər.