İSLAM İNKİŞAF BANKI DEPOZİTAR XİDMƏTLƏRİN REGİONLARDA İNKİŞAFI ÜÇÜN QRANT AYIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) və İslam İnkişaf Bankı arasında 2008-ci il fevralın 18-də imzalanmış “QKDK-nın fəaliyyətinin təkmilləşdirilməsinə dair texniki yardım müqaviləsi”ni (qrant) təsdiq etmişdir.
Müqaviləyə əsasən, Milli Depozit Mərkəzinin (MDM) filial şəbəkəsinin genişləndirilməsi məqsədi ilə QKDK-ya 259,7 min ABŞ dolları məbləğində qrant ayrılmışdır. Qrantın əsas məqsədi Azərbaycanın qiymətli kağızlar bazarını inkişaf etdirmək, investorlara və digər bazar iştirakçılarına göstərilən depozitar xidmətinin keyfiyyətini və dairəsini artırmaqdır.
MDM icraedici agentlik qismində çıxış edəcəkdir. Layihənin icra müddəti 2009-cu il iyulun 30-dəkdir.
MDM-in filial şəbəkəsinin genişlənməsi proqramına əsasən, Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba şəhərlərində qurumun beş filialının açılması nəzərdə tutulmuşdur. Artıq ilk filial Naxçıvanda təsis edilmişdir. İkinci mərhələdə filiallar Gəncə və Lənkəranda təşkil olunacaqdır.