İsmayıl Serageldin: Qlobal şəhərsalma siyasətində əsas prioritet yerli icmaların gücləndirilməsi olmalıdır
Bakı, 21 may, AZƏRTAC
Dünyanın ən yoxsul ölkələri ilə ən zəngin dövlətləri arasında sosial-iqtisadi şərait baxımından böyük fərqlər mövcuddur. Buna görə də hər bir coğrafiyaya eyni dərəcədə uyğun gələn universal tendensiyaların olduğunu iddia etmək çətindir. Lakin hesab edirəm ki, qlobal miqyasda hamı üçün ortaq prioritet yerli icmalara və onların daxili potensialının inkişafına daha çox önəm verilməsi olacaq.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Serageldin səsləndirib.
O bildirib ki, yerli icmaların öz məhəllələrinə sahib çıxması və daxili potensialını reallaşdırması üçün onların hüquq və səlahiyyətləri gücləndirilməlidir. “Mərkəzi hökumətlərin qərarları yuxarıdan-aşağıya prinsipi ilə qəbul etməsi yanaşmasından fərqli olaraq, idarəetmədə aşağıdan-yuxarıya əsaslanan səmərəli mexanizm formalaşdırılmalıdır. Təcrübə göstərir ki, məhz belə inklüziv yanaşma qlobal mənzil və şəhərsalma problemlərinin həllinə fundamental və uzunmüddətli töhfə verir”, - deyə İsmayıl Serageldin əlavə edib.
Fotoqraf - İlkin Cavanşirov