ABŞ Çinə yüksək səviyyəli təhlükəsizlik nümayəndə heyəti göndərir
Bakı, 21 may, AZƏRTAC
ABŞ-nin müharibə naziri Pit Heqsetin Çinə gözlənilən səfəri ilə bağlı Pekinə bir neçə həftə ərzində yüksək səviyyəli təhlükəsizlik nümayəndə heyətinin göndərilməsi planlaşdırılır.
AZƏRTAC “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, adı açıqlanmayan mənbələrə görə, nümayəndə heyətinə ABŞ müharibə nazirinin siyasət üzrə müavini və 2026-cı il Milli Müdafiə Strategiyasının əsas memarı Elbric Kolbi rəhbərlik edəcək. Səfər, həmçinin Heqsetin potensial səfəri üçün tədbirləri yekunlaşdırmaq məqsədi daşıyır.
ABŞ Prezidenti Donald Tramp ötən həftə Pekinə üçgünlük səfərini başa çatdırıb və Çin Prezidenti Si Cinpin ilə ticarət, ikitərəfli münasibətlər və Tayvan məsələləri ilə bağlı bir neçə görüş keçirib. Heqset səfər zamanı Trampın nümayəndə heyətinin tərkibində olub.
Bu, ikitərəfli münasibətlərin normallaşmasından bəri ABŞ Prezidenti və müharibə nazirinin Çinə ilk birgə səfəri idi.
Böyük Britaniyanın “Financial Times” qəzetinin cümə axşamı dərc etdiyi xəbərdə deyilir ki, Çin Tayvan üçün dayandırılmış 14 milyard dollarlıq silah paketi ilə bağlı Trampın son qərarına qədər Heqsetin səfərini təsdiq etmək fikrində deyil.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirilən brifinqində bildirib ki, Çinin ABŞ-nin Tayvana silah satışına qarşı çıxması ardıcıl və aydın siyasət olaraq qalır.
Çərşənbə günü Trampın dayandırılmış silah paketi ilə bağlı Tayvan lideri Uilyam Lay Çinq-te ilə danışmağı planlaşdırdığı barədə xəbərlərə münasibət bildirən Quo bildirib ki, Pekinin ABŞ və Tayvan arasında rəsmi mübadilələrə, eləcə də adaya ABŞ silah satışına qarşı çıxması “ardıcıl, aydın və qəti” mövqedir.
Quo Vaşinqtonu Çin-ABŞ sammitində əldə edilən vacib ortaq anlaşmalar əsasında hərəkət etməyə, öhdəliklərinə və bəyanatlarına uyğun davranmağa, Tayvan məsələsinə ehtiyatla yanaşmağa, adanın müstəqilliyi tərəfdarı olan separatçı qüvvələrə yanlış siqnallar göndərməyi dayandırmağa və Tayvan boğazında sülh və sabitliyi, eləcə də Çin-ABŞ münasibətlərinin davamlı inkişafını qorumaq üçün konkret tədbirlər görməyə çağırıb.
Raketlər və hava hücumundan müdafiə sistemlərini əhatə edən Tayvan silah paketi aylardır ki, Dövlət Departamentində dondurulmuş vəziyyətdədir.
Çin Tayvanı özünün “ayrılan əyaləti” hesab edir, Taybey isə 1949-cu ildən bəri onun müstəqilliyində israrlıdır.