Lajana Manandhar: Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi təsadüfi deyil
Bakı, 20 may, AZƏRTAC
İqlim böhranı şəraitində dayanıqlı şəhərlərin qurulması yalnız infrastruktur layihələri ilə deyil, insan hüquqlarının və ictimai etimadın bərpası ilə mümkündür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Asia Coalition for Housing Rights” təşkilatının nümayəndəsi Lajana Manandhar Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İcma əsaslı və Vətəndaş Cəmiyyəti Təşkilatlarının Dəyirmi Masası: İqlim böhranı şəraitində adekvat mənzil, torpaq və əsas xidmətlərin təmin olunması üçün aşağıdan yuxarıya icmayönümlü fəaliyyət” mövzusunda dəyirmi masada çıxışında deyib.
O, qeyd edib ki, Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi təsadüfi deyil.
“Bu gün Azərbaycan beynəlxalq dialoq və qlobal əməkdaşlıq üçün etibarlı platforma kimi tanınır. COP29-dan sonra WUF13-ün uğurla təşkili beynəlxalq ictimaiyyətin ölkəyə göstərdiyi etimadın göstəricisidir. Tədbir Azərbaycan üçün xüsusi məna daşıyır.
Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda dünyanın ən iri postmünaqişə yenidənqurma və şəhər bərpası layihələrindən birini həyata keçirir”, – deyə Lajana Manandhar bildirib.