İsmail Serageldin: WUF13-də mənzil siyasətinə yeni yanaşmalar təqdim olunur
Bakı, 21 may, AZƏRTAC
Şəhərsalma və mənzil təminatı sahəsində mövcud məhdudiyyətlərin azaldılması üçün maliyyə resurslarının spektri genişləndirilməlidir. Bu, təkcə qrantlarla məhdudlaşmamalıdır, çünki mənzil maliyyələşməsi yerli hökumətlərin iştirakı ilə daha strukturlaşdırılmış mexanizmlər tələb edir.
AZƏRTAC xəbər verir ki, bunu WUF13-də təşkil olunan Azərbaycan pavilyonunda keçirilən “Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə” adlı sessiyadakı çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib.
O, mənzil siyasətinin maliyyələşdirilməsindən və çoxşaxəli əməkdaşlığın rolundan danışıb. Bildirib ki, yerli icmaların prosesə cəlb olunması və onlara sahiblik hissinin verilməsi bərpa və tikinti proseslərinin daha səmərəli həyata keçirilməsinə imkan yaradır. Eyni zamanda, beynəlxalq təcrübə bu modelin qurulmasında mühüm rol oynaya bilər və bu, hökumətlərə prioritetlərin daha düzgün müəyyənləşdirilməsi baxımından dəstək verir.