Rüfət Mahmud: İçərişəhər mədəniyyət və yaradıcı sənayelər mərkəzi kimi müəyyən olunub
Bakı, 21 may, AZƏRTAC
Əslində Bakı ilə Ərbil arasında çoxlu oxşarlıqlar görürəm. İlk növbədə, başa düşdüyümə görə, hər iki şəhər ən qədim urban ərazilərdən biridir, uzun tarixə malikdir. Hər iki şəhər, yəqin ki, müxtəlif mədəniyyətlərin, dinlərin kəsişdiyi məkanlarda yerləşdiyinə görə təsirə malikdir və bu, orada yaşayan insanların mədəniyyətinə də təsir göstərib. Həmçinin Ərbil Qalası Bakıdakı köhnə şəhərə çox bənzəyir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "İraqın Ərbil şəhəri üçün İnteqrasiya olunmuş irs və əlverişli mənzil çərçivəsi 2050" mövzusunda keçirilən sessiyada "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib.
O deyib ki, Bakının 2020–2040-cı illəri əhatə edən Baş Planında İçərişəhər mədəniyyət və yaradıcı sənayelər mərkəzi kimi müəyyən olunub.
“Hazırda İçərişəhərdə 22 hektarlıq ərazidə 3 minədək sakin yaşayır”, - deyə İdarə Heyətinin sədri diqqətə çatdırıb.
Rüfət Mahmud tarixi şəhərlərdə iqtisadi aktivliyin vacibliyini də vurğulayıb, eləcə də, turizm, muzeylər və digər mədəni istiqamətlərin inkişafı üzrə görülən işlər haqqında danışıb. Çıxışda tarixi şəhərlərin əsas çağırışlarından birinin kommersiyalaşma ilə yaşayış balansını qorumaq olduğu xüsusi qeyd olunub.
Ərbildə tətbiq olunan əlçatan mənzil siyasətinin ağıllı və perspektivli yanaşma olduğunu vurğulayan İdarə Heyətinin sədri bu tədbirlərin yaxın vaxtlarda tarixi əraziyə həyatın geri dönməsinə töhfə verəcəyinə inandığını deyib.